NATO Ukraynanın “Hörümçək toru” əməliyyatını qiymətləndirdi və bunu təsdiqlədi


Dünya 05 Haz 2025 12:23:00 91 0

NATO Ukraynanın “Hörümçək toru” əməliyyatını qiymətləndirdi və bunu təsdiqlədi

Ukrayna xüsusi xidmət orqanları "Hörümçək toru" kod adı altında həyata keçirdiyi əməliyyat nəticəsində Rusiyaya məxsus 40-dan çox strateji təyyarəni sıradan çıxarıb, onlardan 10-13 ədədi isə tamamilə məhv edilib. 

Son.az xəbər verir ki, bu barədə DW NATO-nun yüksək vəzifəli nümayəndəsinə istinadla yazır.

Onun sözlərinə görə, sıradan çıxarılan və ya məhv edilən hava gəmiləri arasında 15 ədəd strateji bombardmançı Tu-95, 12 ədəd Tu-22M3 və ən azı bir ədəd uzaqmənzilli radiolokasiya təyyarəsi A-50 də var. Qeyd edilir ki, Rusiya ordusunun sərəncamında ümumilikdə cəmi beş A-50 təyyarəsi var.

Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, 2023-cü ilin əvvəlinə olan statistikaya əsasən, Rusiyanın 130 ədəd strateji təyyarəsi mövcud idi: 60 ədəd Tu-22M3 (uçuş məsafəsi - 6 500 km), 15 ədəd Tu-160 və 55 ədəd Tu-95 (hər ikisi - 10 000 km-ə qədər). Beləliklə, "Hörümçək toru" əməliyyatı Rusiyanın qanadlı raket daşıyan strateji təyyarələrinin 30%-dən çoxunu sıradan çıxarıb. NATO bu təyyarələri Rusiyanın Ukraynaya qarşı hücumlarında "işçi at" adlandırır.

NATO rəsmisi 4 iyun tarixində Brüsseldə keçirilmiş brifinqdə deyib:

"Bu, mülki əhaliyə qarşı aparılan müharibədə fəal şəkildə istifadə edilən obyektlərə endirilmiş zərbədir. Məhz bu təyyarələr müharibənin əvvəlindən bəri Ukraynanın infrastrukturuna və yaşayış məhəllələrinə qarşı 3 000-dən çox qanadlı raket buraxıblar".