"Ermənistan KTMT öhdəliklərini yerinə yetirməkdən imtina edir" – Rusiya rəsmisindən sərt açıqlama


Dünya 06 Haz 2025 09:52:00 63 0

"Ermənistan KTMT öhdəliklərini yerinə yetirməkdən imtina edir" – Rusiya rəsmisindən sərt açıqlama

"Ermənistanın hara yönəldiyi sualı artıq açıq şəkildə gündəmdədir. Bu məsələ sadə deyil, dərin ictimai və siyasi köklərə malikdir".

Son.az yerli mətbuata istinadən xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədr müavini Konstantin Zatulin deyib.

Onun sözlərinə görə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qarşısında öz öhdəliklərini nümayişkaranə şəkildə yerinə yetirmir:

"Rəsmi İrəvan son dövrlər Qərbə meyilli siyasət yürütməyə çalışsa da, eyni zamanda Rusiya ilə iqtisadi münasibətlərdən bəhrələnməkdə davam edir. Ermənistanın KTMT çərçivəsində əməkdaşlığı dayandırması, üzvlük haqlarını ödəməməsi təsadüfi deyil. Onlar üzvlük haqlarını qəsdən ödəmirlər. Bu, təşkilatla real əməkdaşlığın dayandırıldığının açıq mesajıdır. Eyni zamanda Avrasiya İqtisadi İttifaqında qalmaqla, Rusiya və digər üzv ölkələrlə iqtisadi əlaqələrdən istifadə etməyə davam edirlər. Bütün bunların xalqın istəyi ilə əsaslandırılması isə başqa bir məsələdir".

Zatulin həmçinin bildirib ki, Ermənistanın gələcək istiqaməti və geosiyasi mövqeyi gələn il baş tutacaq seçkilərlə müəyyənləşəcək. O, ölkə daxilində hökumətə qarşı narazılığın artdığını vurğulayıb:

"Ermənistanın hara yönəldiyi sualı artıq açıq şəkildə gündəmdədir. Bu məsələ sadə deyil, dərin ictimai və siyasi köklərə malikdir. Mən ümid edirəm ki, xalq bu dəfə hökuməti - hər şeyi itirmiş, təslim olmuş və ölkənin maraqlarını tapdalayan bu hakimiyyəti - ciddi sorğu-suala çəkəcək".

Kənan Son.az