İcra başçısı köməkçisini, sürücüsünü və daha bir neçə şöbə müdirini işdən çıxardı


Digərləri 24 Eki 2025 12:48:00 86 0

İcra başçısı köməkçisini, sürücüsünü və daha bir neçə şöbə müdirini işdən çıxardı

Qusar Rayon İcra Hakimiyyətində (RİH) son bir ildə bir neçə şəxs işdən çıxarılıb və yeni kadr təyinatları olub.

Son.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Sahir Məmmədxanov əmrlər imzalayıb.

Məlumata görə, icra başçısı köməkçisi Marina Sərdərovanı vəzifəsindən azad edərək, onu Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə məsləhətçi vəzifəsinə təyin edib.

Digər əmrlə Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Sevil Qədirova işdən çıxarılıb, onun yerinə Asya Bayramova təyin olunub.

İnformasiya Təminatı və Təhlil Sektorunun müdiri İlham Xəlilov da vəzifəsindən azad olunub və onu bu vəzifədə sektorun aparıcı məsləhətçisi Samir Kəlbiyev əvəzləyib.

Başçının daha bir əmri ilə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ənvər Balabəyov vəzifəsindən azad edilib, onun yerinə Eldar Hacıbalayev təyinat alıb. Eyni zamanda həmin şöbədə yeni - ikinci Baş məsləhətçi vəzifəsi yaradılıb və vəzifə vakansiyaya çıxarılıb. 

İcra hakimiyyətinin Hüquq şöbəsinin müdiri Telman Kazımov da işdən çıxarılanlar arasındadır. Onun yerinə isə şöbənin məsləhətçisi Əliyulla Nəcərov təyin olunub. Məsləhətçi vəzifəsinə isə Azər Məcidov təyinat alıb.

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ceyhun Hacıyev və şöbənin Baş məsləhətçi Rimma Şeydayeva da vəzifələrindən azad olunublar.

Kadr islahatları RİH-in Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsini də əhatə edib. Belə ki, İkram Tumarxanov şöbəyə yeni müdir müavini təyin olunub. Şöbənin baş məsləhətçiləri - Zeynal Əskərov, Elvira Hacıbalayeva və Vadim Fərzəliyev vəzifələrindən azad olunublar. Elşad Aslanxanov isə şöbəyə yeni baş məsləhətçi təyin olunub. 

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi - Vətən müharibəsi qazisi Hüseynov Tural Cabir oğlu vəzifəsindən azad olunub. Onun yerinə Nəsirli Səfərbəyova Röyalə Əjdər qızı təyin edilib.

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Mehri Fərzəliyeva və məsləhətçi Azər Məcidov işdən çıxarılıb. İlham Xəlilov isə yeni şöbə müdiri təyin olunub.

İcra başçısı həmçinin sürücülər - İkram Milhacovu və Elnur Sultanovu da işdən çıxarıb. Yeni sürücü vəzifəsinə isə Rahib Əhmədov təyin edilib.