Məkkənin sevinci, Kufənin kədəri
Digərləri 26 Yan 2023 21:55:00 274 0
Rəcəb ayının on üçü idi. Məkkə şəhəri ikinci sevincini yaşamağa hazırlaşırdı. Hər tərəfi cansız bütlərlə bürünmüş bu müqəddəs məkan, nəfəs alan, gözləri baxan, danışan, gülən, ağlayan və bəşər övladına məxsus xüsusiyyətlərə malik canlı bütlərin də əlində əsir idi. Gecələr öz Allahı ilə tənha qalan zaman, nə vaxt və necə bu əsirlikdən qurtaracağını soruşmuşdu. Öz Allahına dualar etmiş və səbirsizliklə qurtuluş gününü gözləmişdi. Bu müqəddəs məkan gecələr ağlar, gündüzlər isə qəm kölgəsi üzünü bürümüş halda günlərini sayardı. Amma buna baxmayaraq, ümidi hisslərinə qələbə çalmış, səbri həyata baxışını dəyişmişdi. Artıq onun üçün "dünyanın sonu" təsəvvürü bir məna kəsb etmirdi. O artıq səhəri sevinclə qarşılayırdı. Bunu Məkkəyə sahib olan canlı bütlər duymuş, amma nə hadisə baş verdiyini bilməmişdilər. Heç sevincin səbəbini soruşmadılar da. Yaxşı ki, soruşmadırlar, çünki Kəbə evi onsuz da həmişəki kimi sükutu ixtiyar edəcəkdi. Bu sükuta məcbur idi. Axı necə deyə bilərdi ki, çox az qalıb, böyük İslam peyğəmbərinin (s) mübarək çiyinlərində dayanaraq sizi və qardaşlarınızı bir-bir sındıran kamil insan tərənnümü dünyaya gələcəkdir. Bu sükütu ixtiyar etməsi öz sahibi tərəfindən ona əmr olunmuşdur.
Bu xəbəri də oxu: Yeni ilin gəlişi maşın bazarına necə təsir edəcək?
Deyilən və vədə verilən günə az qalmışdır. Artıq təkcə bu ev yox, bütün varlıq aləmi sevincə qərq olunmuşdu. Gözlərində sevinc, nəfəsləri sinələrində həbs olunmuş halda bu anı gözləyirdilər. Ən çox sevinən onu yaradan, qədəm basacağı Kəbə evi, bu boğucu, sarsıdıcı dar zindanda əsir olmuş bəşəriyyət və Tanrının böyük elçisi olan həzrət Məhəmməd (ə) idi.
Nəhayət o gün gəlib çatdı. Bir nurani xanım Kəbə evinə yaxınlaşıb Allahına sığındı: "İlahi, bu bətnimdəki körpəni sağ-sağlam dünyaya gətirməkdə mənə kömək et!" Bu səmimi və qəlbdən gələn dua müstəcab oldu. Kəbə evi öz əzəməti ilə öz qəlbini dünyaya gələn xilaskara açdı. Bir uşaqla Kəbədən bayıra çıxan Fatimə bint Əsəd hamını heyrətə salmışdı. Hətta həzrət Məsihi (ə) dünyaya gətirən zaman Allahdan Beyt əl-müqəddəsi tərk etmək əmri alan həzrət Məryəm (ə) öz övladını çöldə bir xurma ağacının altında dünyaya gətirmişdi.
Əziz İslam Peyğəmbəri (s) bu nurlu körpənin adını Əli (ə) qoydu. Həmin gün bəlkə də hamıdan çox Kəbə evi sevinirdi. Sevinməyə tam haqqı da vardı. Amma yenə də sevincinin səbəbini heç kəsə söyləmədi. Rəhmət yağışı ilə birgə ağlayırdı Kəbə evi, heç kəs sevinc dolu gözlərini görməsin deyə. Çox vaxt gecələri seçirdi bu ağlayış və Allahına təşəkkür üçün.
Bu körpə yavaş-yavaş böyüyür, İslam peyğəmbərinin (s) bütün ilahi təlimlərini mənimsəyirdi. Gecə-gündüz ondan ayrılmazdı. Hər an başı üzərində Allahın rəhmət və mərhəmətini hiss edərdi. Peyğəmbərin (s) bütün əmrlərini ilahi əmr sayaraq itaət edirdi. Hər gün günəşin onun üçün parladığını hiss edirdi. On yaşında ikən Peyğəmbərə (s) qardaş, canişin, ümmətə imam seçilən zaman Allaha daha yaxınlaşdığını hiss etdi. Rəhmət onun vücudunu daha çox bürüdüyünü anlamışdı. Məkkə kafirləri artıq belə bir insanın varlığına sıxılmağa başlamışdır. Hər yeri nuru ilə bürüyən bu iki vücud, onların qaranlıq dünyasını daraltmışdırlar. Yüz illərdən bəri şirin yuxuları gözlərindən ərşə çəkilmiş, yeyib-içdikləri onlara dadsız, dünyaları isə mənasız gəlirdi. Hər bir şey onlardan üz döndərmişdir. Hətta bu zamana kimi Allah sayıb qarşısında gündə neçə dəfə əyildikləri cansız bütləri belə. Hər bir canlı əl-ələ və çiyin-çiyinə verib Allahın qoşununu düzənləmişdirlər. Heç bir canlı özünü qula qul hesab etmirdi. Hər bir canlı azad olaraq, bir bəndə kimi yaradanının qarşısından başqa heç kimin qarşısında əyilmirdi.
Günü-gündən mübarizə dairəsini böyüdən şəxs müxtəlif xüsusiyyətlərə və ləqəblərlə tanınmağa başladı. Hər əməldən çox yalnız ədaləti ən çox sevən həzrət Əli (ə) mübarizə meydanında cəngavər, ibadətdə abid, təqvada ən öncül, elmdə ən savadlı şəxs olaraq seçilməyə başladı. Hər zaman ədalət naminə qılınc çalaraq Allah xatirinə dil açıb söz söyləyən dahi bir insan simvoluna çevrildi. Hər zaman Peyğəmbərin (s) keşiyində duraraq bir imam kimi həm Rəsulu (s) və həm də onun gətirdiyi dini qorumağı son nəfəsinədək özünə ən vacib vəzifə bilirdi. Hər gün zəfər, hər gün qələbə onu dünya gözündə böyüdürdü. Amma özünü Allah qarşısında zəif bir bəndə kimi görürdü.
Həmişə çalışırdı ki, ona bərəlmiş həsəd dolu baxışları özündən uzaqlaşdırsın. Duymuşdu bu kin dolu baxışların faciəli nəticələrini. Yavaş-yavaş ən çox sevdiklərini itirməyə başladı. Atası Əbu Talib, anası Fatimə bint Əsəd, qardaşı Cəfər-Təyyar və o, əsl Allah bəndəsi tək bu itkiləri Allahın imtahanı sayıb, sahib olduqlarına şükür edirdi. Hələ dünya və axirət qardaşı və onun dəyərli əmanəti onunla birgə idilər. Həccət əl-vida sevincini də yaşadı bu ədalət carçısı. Adının ədalətlə birgə hallanması ona daha çox düşmən qazandırdı. Onu canişin və İslam Peyğəmbərindən (s) sonra ümmətə rəhbər olması münasibəti ilə təbrik etdilər. Amma bu hadisəyə ən çox sevinən Peyğəmbər (s), dayanacaq (minbər) əvəzinə yığılmış dəvə yəhərləri, əsl möminlər, bir də Cöhfə çölündəki cansızlar idi. Bu sevinc də uzun çəkmədi, əvvəl əziz Peyğəmbər (s), sonra isə onun canparəsi və ona qoyulmuş əmanət ona baxan kinli gözlərin qurbanı oldu. Onu mübarizə meydanından uzaqlaşdırdılar. Adının ədalət, imamət, alim, mücahid kəlmələri ilə birgə çəkilməsinə dözmədilər, sildilər bu adları. Amma onu silməyə cürət etmədilər. Yerlə göyün birləşməsindən qorxaraq Allahın qəzəbindən çəkindilər. Amma çalışdılar ki, onu sevənlərin yaddaşından silsinlər. Buna onun və böyük xilqətin sahibi Allah icazə vermədi. Hər zaman qapısını döydülər, çətin düyünləri asanlıqla açdı onların üzünə. Onun qarşısında nə qədər aciz olduqlarını hiss etdilər.
Amma onlar bir-bir qəbir tərəfindən uduldular. Artıq "onlar" kəlməsi bir məna kəsb etmirdi. İslam ümməti itmiş izzət və səadətlərini bu böyük şəxsin sadə daxmasında tapdılar. İslam ümməti özünün itirilmiş varlıqlarını qaytarmaq üçün həqiqi ilahi rəhbər arxasınca gəlmişdilər. Amma təəssüflər olsun ki, çox gecikmişdilər. Rəhbərliyi yenidən ələ alan zaman, zehinlərdən müvəqqəti və süni surətdə silinmiş əzəmətli insan canlanmağa başladı. Ədaləti bir şərt kimi əsas tutaraq rəhbərliyi qəbul etdi. "İstər dost, istərsə də düşmən qapısından zülfüqar və ədalətlə daxil olacam" - dedi. Hətta İbn Abbasdan, öz köhnə çarıqlarının dəyərinin nə qədər olduğunu soruşduqda, İbn Abbas çox ucuz olduğunu bildirmişdi. Amma İmam (ə) belə buyurmuşdu: "Ey Abbasın oğlu! Əgər mən xilafət dövründə ədalətin icrasında yubansam, bu dəyərsiz dediyin çarıqlar, mənim üçün ən dəyərlidir".
Artıq günəşin saçacağı kimsə qalmamışdı. Kimə saçsın, kimdi bu həyat verici ilahi feyz mənbəyinə ehtiyac düyan? Əlbəttə heç kəs, heç kim, heç canlı və heç qanlı.
Hicrətin 40-cı ili mübarək ramazan ayı yetmişdi. Allah şeytanları zəncirləmişdi. Hər kəs asudə öz ibadət və itaəti ilə məşğul idi. Amma insanların içərisində gizlənmiş şeytanlar zəncirdə deyildilər. Kəbə evi yenə də qəmə batmış, üzündən təbəssüm və gülüş çəkilmişdi. Yer-göy qəm paltarına bürünmüş, yasa hazırlaşmışdı. Bu ramazan başqa ramazanlarla fərqlənirdi. Hər bir an nə baş verəcəyi fikri hamını sükuta məcbur etmişdir. Kəbə evi hey şimala tərəf boylanır, bəlkə içərisində dünyaya gətirdiyi övladını görüm deyə. Bəlkə, onu baş verəcək hadisədən xəbərdar etsin deyə. Ona analıq borcunu bir daha yerinə yetirərək bəzi şeytanların azad olduqlarını söyləsin. Amma Kəbə evi onu görmürdü, çünki günəşin üzünü artıq qara bulud tutmuşdu. Deyilən vaxt gəlib çatdı. Sübh namazına az qalıb, evdən çıxıb məscidə tərəf yola düşdü. Onunla üzləşən hər bir canlı və cansız ona təəccüblü gəlirdi. O öz-özünə sual verirdi, görəsən niyə hamının sual və təəccüb dolu nəzərləri mənə dikilib. Qapı məni çölə buraxmır, ev heyvanları yolumu kəsir, yol getdikcə uzanır, vaxt dayanıb, təbiət lal və insanlar kar kimi görünür. Yetimlərin gözü yolda qalmışdır. Yuxu gözlərinə haram olmuşdur. Niyə yatmırdı onlar? Üzü niqablı onlara yemək gətirəcək kimsənimi gözləyirdilər? Yox, onlar artıq öz yemək paylarını alıb yemişlərdi. Çünki o şəxs sübh namazından qabaq onların görüşünə gəlmişdi. Bəs niyə yetim və kimsəsizlərin gözlərinə yuxu getmirdi? Axı qarınları tox idi, ac deyildilər ki, yuxuları qaçmış olsun gözlərindən?
Azan çəkildi, iki məhbubun adları onun qulağına çatanda özünü bu dünyada tənha hesab edərək, onların görüşünə getməyi arzuladı. Bu fəqət bir arzu idi, dua yox. Amma arzu olmasına baxmayaraq, şəxsin əzəmətinə görə dua əvəzinə qəbul olundu.
Məscidə girərkən mehraba üz tutdu. Öz bəndəlik vəzifəsini yetirməyə hazırlaşdı. Öz Allahı ilə söhbət etdiyi yerdə canının isindiyini hiss etdi. Mübarək surəti artıq al-qana boyanmışdı. "And olsun Kəbənin Allahına, qurtuldum!" nidası yeri-göyü yandırıb yaxdı. Xəyala dalmış sual dolu baxışlar diksindilər. Artıq onlar suallarının cavabını tapmış idilər. Artıq bu mübarək və rəhmət ayının əzəməti ilə matəmə çevirmiş böyük insan ömrünün son anlarını yaşayırdı. Bu arada ən çox qəmli görünən Kufə şəhəri idi. Amma Əli (ə) yenə də ədalətin ən şirin şey olduğunu unutmamışdı. Öz övladına, "məni vuran şəxslə ədalətlə davran" - deyə vəssiyyət etmişdi. Hamı təkcə onun öldüyünü təsəvvür edirdi. Amma bu təsəvvür yanlış bir təsəvvür idi. Qəbirdə isə iki cənazə dəfn olundu: Əli (ə) və ədalət.
Mən sözümü xristian mütəfəkkiri Corc Cordaqın sözü ilə yekunlaşdırıb, "ey dünya, bütün var-gücünü toplayıb, dünyaya yenidən Əli gətirə bilərsənmi?" - deyirəm. "Əlbəttə yox" - deyə cavab alınca, mən də dünyaya bir sual vermək istəyirəm: "Əgər belə bir şəxsi təzədən doğmağa gücün çatmayacaqdısa, onu niyə bizim əlimizdən alırdın?" Əlbəttə, sükutdan başqa cavab yoxdur.
Rəhmətlə dünyaya göz açıb rəhmətlə yaşadı. Rəhmət dolu bir ayda əbədi rəhmətə qovuşdu.
Avropa İttifaqı (Aİ) Rusiya dizel yanacağının bir barelinə 100 dollar qiy
Bu kainatı bir ağac hesab eləsək, onun meyvəsi insandır. Bir ağacda hər
Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3
"Virus infeksiyalarından qorunma tədbirləri ciddi olaraq fərqlənmir&qu
"Vaxtilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yaranand
Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustavayev erməni saxtakarlığı
Depressiya, apatiyadan dərmansız xilas olmaq üçün insandan planlı hərək�
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Türk Əmə
Həddini bilmək əxlaqın təməl prinsiplərindəndir. Həddini bilməyən az�
Hibrid immunitet koronavirus infeksiyasına qarşı ən yaxşı qalxandır.
Bakıda bir məhəllədə yaşayan 13 gəncin 1 milyon manata yaxın vergi borcu
Əgər körpə və ya azyaşlı uşaq gözdən yayınıb alkoqollu içki içərs
Azərbaycanda LOR həkimə qeyri-adi travma ilə pasiyent gətirilib.
Yəmən hökmdarı Əbrəhə döyüş filləri ilə birlikdə Kəbəni dağıtma
Mədə turşuluğunun yüksəlməsi, göynəmə və yanma ürəyə zərərlidir.