“Hamilə olduğunu toy günü öyrəndik” Əfsanənin atası


Digərləri 30 Eki 2025 19:19:00 71 0

“Hamilə olduğunu toy günü öyrəndik”  Əfsanənin atası

Astarada toyunun səhəri faciəli şəkildə ölən 17 yaşlı Əfsanə İmanovanın atası danışıb.

Son.az "Bizim.Media"ya istinadən xəbər verir ki, ata, Maqsud İmanov qızının hamilə olduğunu toy günü öyrəndiyini deyib:

"Qızımla oğlan 8-9 ay idi ki, nişanlı idilər. Mən onun hamilə olduğunu bilmirdim. Toy günü xəstəxanaya gedəndə öyrəndik ki, 7 aylıq imiş. Ona qədər heç nə hiss etməmişdik".

"Qızınızı erkən yaşda niyə nişanlayıb ərə verirdiniz?" sualına ata belə cavab verib:

"18 yaşına 3 ay qalmışdı da..."

Əfsanənin qayınatası Aqil Cevziyev isə qudasından fərqli olaraq baş verən hadisə ilə bağlı üzüntüsünü dilə gətirib:

"Çox pis hadisə oldu, başımızı itirmişik. Oğlumun 22 yaşı var, 8 ay əvvəl Əfsanə ilə nişanlanmışdılar. Qızın hamilə olduğunu toydan bir həftə əvvəl bildik, amma 7 aylıq olduğunu bilmirdik. Toy dəvətnamələri artıq paylanmışdı. Xəcalət çəkməyək deyə toy etməyə qərar verdik".

Cevziyevin sözlərinə görə, Əfsanə toy ərəfəsində ata evində olarkən bir qədər qızdırmalı olub, lakin ciddi səhhət problemi müşahidə edilməyib:

"Toy günü də halı normal idi. Təxminən saat 5-də gəlin evə gətirildi. Az sonra oğlum zəng edib dedi ki, Əfsanənin vəziyyəti pisləşib. Dərhal təcili yardım çağırdım və xəstəxanaya apardım..."

O, həmçinin mediada yayılan "cütlüyün Bakıda istixanalarda işləməsi" barədə məlumatların həqiqət olmadığını da vurğulayıb:

"Onlar heç vaxt kənddən kənara çıxmayıblar, hər ikisi burada yaşayırdı".

Hadisə ilə bağlı Astara Rayon Prokurorluğunda araşdırma davam edir.

Qeyd edək ki, hadisə ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Əfsanənin nikah yaşına çatmadan ərə verilməsi, üstəlik 7 aylıq hamilə olması ciddi qınaq doğurub. Son.az