“Sədərək”də yanan mağaza ilə bağlı şok faktlar


Digərləri 24 Ağu 2025 22:32:00 72 0

“Sədərək”də yanan mağaza ilə bağlı şok faktlar

Xəbər verildiyi kimi bu gün "Sədərək" Ticarət Mərkəzində  güclü yanğının baş verdiyi anbar  "Super Toys"  mağazalar şəbəkəsinə məxsus olub.

Şirkətin  həmin anbarı icarəyə götürdüyü deyilir. Yanğın zamanı anbarda olan malların böyük hissəsi yanıb. 

Son.az Musavat.com-a istinadən xəbər verir ki,  "Super Toys"  oyuncaq mağazası hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir.

Maraqlıdır ki, şirkətin rəsmi səhifəsində onların Azərbaycan oyuncaq bazarında 2017-ci ildən etibarən rəsmi olaraq tək fəaliyyət göstərdiyi (monopolist demək olar) bildirilir. Oyuncaq mağazalar şəbəkəsinin hazırda 19 filialı müştərilərinə keyfiyyətli və modern məhsullar təqdim edir.

Məhsul seçimi geniş olan mağazada oyuncaqlardan əlavə olaraq, seqvey, kvadrasikl, skuter, moped, velosiped, motosiklet, park atraksionları kimi elektron və əyləncə məhsulları da müştərilərə təklif edilir. Dünyanın müxtəlif ölkələrindən- Polşa, Çin, Türkiyə, İran, Ukrayna, Rusiya və s. ölkələrdən müxtəlif brendlərin məhsulları idxal olunur.

Mağazalar şəbəkəsində nağd ödəniş üsulu ilə bərabər, kreditlə və taksit kartları ilə ödəmə imkanları da mövcuddur. Ölkənin istənilən bölgəsinə çatdırılma xidməti də var.  Şirkətin mollardan başqa Binə və Abşeron ticarət mərkəzlərinin də mağazaları var.   

"Super Toys"  bir çox nüfuzlu şirkətlərlə əməkdaşlıq edir. Onların  arasında dövlət qurumları, holdinglər, banklarla yanaşı, baxçalar, məktəblər və müxtəlif müəssisələr yer alır.

Daha bir ilginc fakt  odur ki, ötən ilin bu vədələri, konkret desək, sentyabr ayında mediada   "Super Toys"  mağazalar şəbəkəsinin külli miqdarda vergi borcu yaranıdığı haqda informasiyalar dərc olunmuşdu. Şirkətin İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə 1 milyon 458 min 915 manat 28 qəpik vergi borcu  olduğu üzə çıxmışdı. 

Qeyd edək ki, "Supertoys" MMC-nin qanuni təmsilçisi  Xəqani Cəfərov,   şirkətin icraçı direktoru Səidə Fətullazadə olduğu bildirilirdi. 

"Sədərək" Ticarət Mərkəzindən isə yanğınla bağlı rəsmi məlumat hələ də yoxdur.

Xatırladaq ki, bu ticarət mərkəzində tez-tez yanğınlar olub.  2023-cü ilin  yanvarında  ticarət mərkəzində böyük yanğın olmuşdu. "Sədərək" ticarət mərkəzində 27 mağazanın qəsdən yandırılmasında şübhəli bilinən şəxs saxlanılmışdı.  

İlkin araşdırma zamanı məlum olmuşdu ki, 27 kirayəçi və mülkiyyətçi əmlakın yandırılması Bakı şəhər sakini Əfqan Abdullayev tərəfindən törədilib.  Bu yanğında texniki nasazlıq və ya insan faktorunun olub-olması yalnız araşdırmalardan sonra üzə çıxa bilir. 

Sonda qeyd edək ki,  ticarət mərkəzində yanğınla əlaqədar təcili tibbi yardım briqadasına ümumilikdə, 4 nəfər müraciət edib.  TƏBİB-dən verilən məlumata görə, onlardan 2 nəfər ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Hər iki şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilir, müalicələri davam etdirilir.