Mükəmməl olmağa çalışmaq psixoloji problemdir?
Digərləri 17 Tem 2025 05:05:00 76 0
"Bəzi insanlar həyatda hər şeyi mükəmməl etməyə çalışırlar".
Bu haberi de oku: Türkiyədə meşə yanğınları davam edir
Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, belə şəxslər üçün səhv etmək, gecikmək, yorulmaq və ya bir işi natamam qoymaq sanki qəbahət sayılır:
"Lakin hər zaman mükəmməl olma arzusu sadəcə yüksək məsuliyyət hissindən deyil, daha dərindən gələn psixoloji səbəblərdən qaynaqlanır. Mükəmməllik ehtiyacı çox zaman uşaqlıqda formalaşır.
Uşaq yalnız uğurlu olduqda, dərsində mükəmməl nəticələr göstərdikdə, itaətkar və "ağıllı" olduqda tərif və sevgi görürsə, zamanla belə bir inanc yaranır: "Sevilməyim üçün mükəmməl olmalıyam". Bu inanc insanın düşüncə sistemində kök salır və illərlə onunla birlikdə böyüyür".
Ekspertin sözlərinə görə, artıq yetkin yaşda bu insan özündən həddindən artıq gözləntilər qoyur:
"Hər şeyi qüsursuz etməyə çalışır, səhv edəndə özünü sərt tənqid edir, başqalarının rəylərinə qarşı çox həssas olur. Bir müddət sonra isə tükənir. Çünki mükəmməllik sonsuz bir yarışdır və heç vaxt dayanmaz.
Bu hal insanın gündəlik həyat keyfiyyətinə, münasibətlərinə, işinə, emosional sağlamlığına zərbə vurur. Həmişə "daha yaxşısı olmalı idi" düşüncəsi ilə yaşamaq insanı daim narahat və gərgin saxlayır".