"Bolqarıstan və Azərbaycan arasındakı münasibətlər möhkəm təmələ, dostluq və tərəfdaşlığa əsaslanır"
Digərləri 18 Haz 2025 14:34:00 84 0
Bolqarıstan və Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qanunverici səviyyədə iqtisadi əməkdaşlığı gücləndirə bilər.
Bu haberi de oku: Sexdə bədbəxt hadisə Maşın hərəkətə gəldi, ustanı öldürdü
Bunu Trend-ə özəl müsahibəsində Bolqarıstan Respublikasının Milli Assambleyasının spikeri Natalya Kiselyova Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Bakıda keçirilən 65-ci plenar sessiyası çərçivəsində bildirib.
"Bolqarıstan və Azərbaycan arasındakı münasibətləri əla və sabit olaraq qiymətləndirirəm, bu münasibətlər möhkəm təmələ, uzunillik dostluq və tərəfdaşlığa əsaslanır. Münasibətlər yüksək səviyyəli etimad və açıq və ya mübahisəli siyasi məsələlərin olmaması ilə səciyyələnir. Bütün bunlar gələcəkdə məhsuldar və dinamik dialoq üçün əla zəmin yaradır və bu dialoq bütün səviyyələrdə, o cümlədən ən yüksək siyasi səviyyədə aparılır.
Son illər bu dialoq təkcə parlament səviyyəsində, iki ölkə parlamentlərinin sədrlərinin qarşılıqlı səfərləri sayəsində deyil, həm də prezidentlər səviyyəsində fəallaşıb. Dövlət başçıları yalnız rəsmi və işgüzar səfərlər çərçivəsində deyil, həm də hər iki ölkənin iştirak etdiyi beynəlxalq forumlarda bir sıra görüşlər keçiriblər. Prezident İlham Əliyevin ölkəmizə göstərdiyi hörməti son dərəcə yüksək qiymətləndiririk. 2019 və 2022-ci illərdə ölkələrimizin baş nazirləri arasında keçirilmiş işgüzar görüşləri də unutmamalıyıq", - deyə o bildirib.
N. Kiselyova hesab edir ki, Azərbaycan və Bolqarıstan arasında mövcud olan əla ikitərəfli münasibətlər bir sıra prioritet sahələrdə yalnız energetika deyil, həm də iqtisadiyyat və ticarət, nəqliyyat və enerji bağlantısı, turizm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün konkret addımların atılmasına şərait yaradır.
"QDİƏT PA elə bir platformadır ki, burada biz iqtisadi əməkdaşlığı qanunvericilik səviyyəsində də möhkəmləndirə bilərik, ələlxüsus da beynəlxalq münasibətlər sisteminin hər gün dəyişdiyi hazırkı şəraitdə. Region ölkələri arasında əlaqəliliyin artırılması artıq özünü səyyarlığın və iqtisadi artımın stimullaşdırılması üçün effektiv alət kimi təsdiqləyib. Eyni zamanda, yalnız birgə səylərlə regionumuz qarşısında duran çağırışların öhdəsindən gələ bilərik, bu, sülh və təhlükəsizliyin təmin edilməsi, etimadın möhkəmləndirilməsi, səmərəli nəqliyyat sisteminin inkişafı, ətraf mühitin mühafizəsi, mədəni əlaqəlilik, eləcə də iqtisadi fəallığın stimullaşdırılmasıdır. Bolqarıstanın digər üzv dövlətlərlə birgə irəli aparmaq niyyətində olduğu prioritetlər yalnız bunlarla məhdudlaşmır", - deyə spiker vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın QDİƏT PA çərçivəsindəki rolu mübaliğəsiz olaraq həlledicidir.
"Azərbaycanın ardıcıl xarici siyasəti və beynəlxalq institutların fəaliyyətinə fəal şəkildə cəlb olunması beynəlxalq arenada məsuliyyətli və proqnozlaşdırıla bilən davranışın parlaq nümunəsidir. Azərbaycan öz fəaliyyəti və mövqeyi ilə təkcə regionda sabitlik və inkişafı müdafiə etmir, həm də bu regionda strateji tərəfdaş olmağa hazır olduğunu açıq şəkildə nümayiş etdirir.
Bizim son günlər və hətta saatlarda beynəlxalq münasibətlərdə şahidi olduğumuz dinamika, mənim parlamentlərarası əməkdaşlığın böhranların qarşısının alınması və ya həllində real mexanizm kimi fəallaşdırılmasının zəruriliyinə dair inamımı bir daha gücləndirir. Bolqarıstanın sədrliyi dövründə həyata keçirilən təşəbbüslər məhz bu məqsədi güdür, regional dayanıqlığın gücləndirilməsi, region daxilində və onun hüdudlarından kənarda əməkdaşlığın inkişafı, mədəni inteqrasiya, həmçinin böhranların regional və qlobal səviyyədə genişlənmiş beynəlxalq əməkdaşlıq əsasında effektiv idarə olunması", - deyə N. Kiselyova bildirib.