“Mənə 6000 maaş veriləcəyini dedi” STP əməkdaşı iş yoldaşını aldadıb


Digərləri 22 May 2025 14:59:12 66 0

“Mənə 6000 maaş veriləcəyini dedi”  STP əməkdaşı iş yoldaşını aldadıb

İş yoldaşına qarşı dələduzluq etmiş Sumqayıt Texnologiyalar Parkının koordinatoru 1995-ci il təvəllüdlü Elmar S. barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, MMC-nin baş mütəxəssisi olan Z.M-i aldadaraq 49 500 manat almış keçmiş iş yoldaşına hökm oxunub.

Məhkəmədə bildirilib ki, Elmar STP-nin rəhbərliyi ilə qohum olduğundan Z.M ona inanıb və yuxarı vəzifəyə təyin olunmaq üçün hissə-hissə olmaqla 50 min manata yaxın pul verib.

Zərərçəkmiş şəxs ifadəsində bildirib ki, Elmar onu STP-nin tərkibində yeni yaradılacaq şöbəyə rəhbər təyin etdirəcəyinə söz verib: "2009-cu ildən STP-də çalışmağa başlamışam, Elmar isə İnzibati idarəetmə departamentində işə başlamışdı. Lakin məndən iş öyrənməsi üçün bizim otaqda əyləşirdi və aramızda münasibət yarandı. Elmar işləri öyrənəndən sonra guya mənim yerimə keçəcəyini demişdi. Onun rəhbərliklə yaxın olduğunu güman etdiyimdən sözlərinə inandım. Elmar həmçinin mənə ММС-də yeni şöbə yaranacağını və oranın rəhbəri olacağını demişdi. O, təkidlə özünün rəhbərliklə yaxın olduğunu göstərirdi.

Təxminən 2023-cü ilin oktyabr ayında axşam saatlarında Elmar mənimlə əlaqə saxlayıb vacib görüşməli olduğunu bildirdi. Onun maşınında görüşəndə mənim vəzifəyə təyin olunma məsələmi rəhbərliyə yaxın şəxslərlə müzakirə etdiyini, mənim şöbə rəisi, özünün isə müavin olacağını dedi. Mənə aylıq 6000 manat, özünə isə 5500 manat əməkhaqqı veriləcəyini bildirdi. Sabahı günü isə işin alınması üçün pul verilməli olduğunu bildirdi və hissə-hissə olmaqla məndən 49 500 manat aldı".