ÜSTnin Azərbaycandakı nümayəndəliyi media nümayəndələri ilə bir araya gəldi
Digərləri 15 Tem 2025 12:03:00 73 0
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi 22 iyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə bir araya gəldi. Görüşün məqsədi ÜST ilə yerli media arasında əlaqələri daha da gücləndirmək, ictimai sağlamlıq sahəsində görülən işlərlə bağlı məlumat mübadiləsi aparmaq və gələcək əməkdaşlıq imkanlarını araşdırmaq olub.
Bu haberi de oku: Tiktoker “Roşka” hakim qarşısında
Tədbirdə müxtəlif media qurumlarını təmsil edən jurnalistlər və ÜST-nin Ölkə Ofisinin əməkdaşları iştirak edib. Qeyri-rəsmi və qarşılıqlı ünsiyyətə açıq formatda keçirilən görüş zamanı iştirakçılar ÜST-nin Azərbaycandakı prioritet istiqamətləri olan iqlimə davamlı səhiyyə sistemlərinin gücləndirilməsi, köməkçi texnologiyalara çıxış, immunizasiya, psixi sağlamlıq, qeyri-infeksion xəstəliklərə mübarizə, ÜST-nin səhiyyədə fövqəladə hallar proqramının fəaliyyəti və digər sahələrdə həyata keçirdiyi təşəbbüslər barədə məlumat alıb.
"Sağlamlıqla bağlı dəqiq və vaxtında məlumatların ictimaiyyətə çatdırılması üçün mətbuatla işləmək bizim üçün prioritetdir. Biz ÜST olaraq sizi ictimai səhiyyənin ayrılmaz tərəfdaşı kimi görür və bu əməkdaşlığa böyük dəyər veririk. Sağlam bir cəmiyyətin qurulması sizinlə mümkündür," - deyə ÜST-nin Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Dr. Hande Harmancı qeyd edib.
Tədbir çərçivəsində jurnalistlər ÜST-nin mütəxəssisləri ilə birbaşa ünsiyyət qurmaq imkanı əldə edib, onları maraqlandıran sualları ünvanlayıb və gələcək media əməkdaşlıqları üçün fikir mübadiləsi aparıb. Tədbirin sonunda ÜST-nin Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Dr. Hande Harmancı jurnalistlərin ünvanlandığı sualları cavablandırıb.
Bu görüş açıq fikir mübadiləsi üçün imkan yaradıb. Media nümayəndələrinin iştirakı və maraqlı sualları səhiyyə ilə bağlı mövzuların ictimai müzakirəsində medianın rolunu bir daha önə çıxarıb. Tədbir qarşılıqlı dialoqun davamlılığını təşviq edən müsbət bir addım kimi dəyərləndirilib.