Amerikanın biznes nümayəndə heyəti Azərbaycana səfər edəcək


Digərləri 23 Haz 2025 17:50:00 70 0

Amerikanın biznes nümayəndə heyəti Azərbaycana səfər edəcək

ABŞ-Azərbaycan ticarət-sənaye palatası (USACC) , Amerika-Gürcüstan Biznes Şurası və Amerikanın Qazaxıstandakı ticarət palatası ABŞ Kommersiya Xidmətinin dəstəyi ilə Amerika biznes nümayəndə heyətinin qarşıda Orta Dəhliz ölkələrinə səfər edəcəyini elan ediblər.

Bu barədə Trend USACC-a istinadən xəbər verir.

"Orta Dəhliz regionunda ticarət, enerji, infrastruktur və logistikanın araşdırılması" adlı missiya 2025-ci il sentyabrın 4-dən 11-dək keçiriləcək və Qazaxıstan, Azərbaycan və Gürcüstanı əhatə edəcək.

"Bu strateji təşəbbüs Avrasiya qitəsində Şərq ilə Qərbi Mərkəzi Asiya və Qafqaz üzərindən Avropa ilə birləşdirən mühüm ticarət marşrutu olan Orta Dəhliz boyunca kommersiya əməkdaşlığının möhkəmləndirilməsinə yönəlib", - USACC-də qeyd ediblər.

Missiyada enerji, kritik infrastruktur, rəqəmsal ticarət, yeni texnologiyalar, nəqliyyat və logistika kimi sahələri təmsil edən Amerika şirkətləri iştirak edəcək.

Səfər proqramına dövlət tənzimləyici orqanları ilə yüksək səviyyəli görüşlər, əsas logistika obyektlərinə və limanlara, azad ticarət zonalarına səfərlər, eləcə də yerli şirkətlərin və tərəfdaşların iştirakı ilə biznes dairəvi masaları daxildir.