Hər ay kredit ödəyirəm, amma borcum niyə azalmır?


Digərləri 15 May 2025 13:36:00 54 0

Hər ay kredit ödəyirəm, amma borcum niyə azalmır?

Hazırda kredit müqavilələrinin çoxunda borcun azalmaması ilə bağlı şikayələtin çoxluğu müşahidə olunur. Müştəri hər ay müəyyən miqdar kredit ödəyir, lakin iki il sonra da əsas borc demək olar ki, ciddi dəyişmir. Çünki ilkin mərhələdə ödəmələrin böyük hissəsi faizlərə yönəlir.

Bəs borc niyə azalmır? 

Son.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov açıqlama verib: 

"Tətbiq edilən bu kredit ödənişi üsulunun adı "Annuitet metod"dur. Bu metod banklar tərəfindən ən çox istifadə edilən gəlir optimallşdırma alətidir. Bu metodun əsas xüsusiyyəti ondan ibarətdir ki, aylıq ödənişlər sabit olur, lakin bu sabit məbləğin içində faizin və əsas borcun payı zamanla dəyişir. İlk aylarda bu sabit məbləğin çox böyük hissəsi faiz olur, əsas borc isə minimal miqdarda azalır. Zaman keçdikcə faiz yükü azalır, əsas borcun payı artır. Səbəb sadədir: faiz kreditin qalıq məbləği üzərindən hesablanır və kreditin əvvəlində bu məbləğ ən yüksək həddə olur. Məsələn, 5 illik kreditin ilk 18 ayında, ümumi ödənişlərin 60-70%-i faizlərə gedə bilər.

Bu metod bankların sevimli metodudur. Çünki bankın riskini başlanğıcda minimuma endirir. Müştəri kreditin ilk illərində əsas borcu az, faizi isə yüksək ödədiyi üçün bank ilkin dövrdə maksimum gəlir əldə edir. Kredit vaxtından əvvəl bağlansa belə, bank artıq əsas gəliri yığmış olur, Beləliklə, gecikmə və ya defolt riski yarananda belə bank artıq faiz payını çıxarmış olur".