Sığorta şirkətlərinin səhlənkarlığı 50 manatınızın


Digərləri 08 May 2025 19:45:00 88 0

Sığorta şirkətlərinin səhlənkarlığı  50 manatınızın

Hələ də bəzi sahələrdə təkmilləşməyə, asanlaşmaya ehtiyac var. Bunlardan biri də avtomobillərin icbari sığortası ilə bağlıdır.

Belə ki, avtomobilin icbari sığorta müddətinin keçməsi barədə hazırda idarəetmə hüququ olan şəxsə heç bir bildiriş falan göndərilmir. Sanki sürücü üçün qəsdən tapmaca qurulub. Araşdırma zamanı məlum oldu ki, sığorta müddətinin bitməsi barədə bildiriş avtomobili ötən il kim hansı nömrə ilə sığorta etdiribsə, ona gedir. Bəs yaxşı həmin avtomobili sonradan alan, hazırda etibarnamə yolu ilə onu idarə edən şəxsin günahı nədir? Təbii ki, kimsə avtomobilin qanuni sığorta müddətinin bitdiyini bildiyi halda onu idarə etməz. Heç kim cərimələnmək üçün sino getmir.

Mövzu ilə bağlı sığorta məsələləri üzrə ekspert Emil Ağabağırov Lent.az-a münasibət bildirib. Onun sözlərinə görə, sürücü maşını alarkən, yaxud sonradan sığorta şirkəti vasitəsilə sığorta şəhadətnaməsi barədə məlumat almalıdır:

"Bəli sığorta şirkətləri sistemdə hansı nömrədirsə, ona bildiriş göndərirlər. Bu nömrəni dəyişmək mümkün deyil. Yeni maşın alan şəxs icbari sığorta bürosu ilə əlaqə saxlayaraq, avtomobilinin hansı şirkətdə qeydiyyatda olduğunu və sığorta şəhadətnaməsinin hansı tarixdə qüvvədən düşməsini öyrənməlidir. Sığorta müddəti bitibsə, avtomobili idarə edən şəxs 50 manat məbləğində cərimə edilir. Ən optimal variant dediyim kimidir, sürücü özü məlumat almalıdır.

Lakin sığorta şirkətinin hazırda maşını idarə edən şəxsə bildiriş göndərməsi praktiki cəhətdən mümkün deyil. Bu bir az geniş inteqrasiyalar toplusudur. Bir maşın üzrə bir neçə nəfərə etibarnamə verilə bilər, Həmin şəxslərin də bir neçə mobil nömrəsi ola bilər. Bu cəhətdən bu variant mümkün olmur".