Minlərlə sakinin ortaq problemi "Kim daha çox pul verirsə, ona satırlar"
Digərləri 26 Eki 2025 20:14:00 77 0
Bakıda yeni inşa olunan binalarda yaşayan sakinlər arasında ən çox səslənən narazılıqlardan biri parkinq problemi ilə bağlıdır. Müasir görünüşlü, göz oxşayan binalar ilk baxışdan rahat görünsə də, bu yaşayış komplekslərində avtomobil saxlamaq demək olar ki, mümkünsüzdür. Hətta, əksər yeni tikililərdə sakinlərin avtomobilləri həyətə buraxılmır.
Bu haberi de oku: Azərbaycanda bu avtomobillərin qiyməti ARTDI
Binalarda təklif olunan alternativ variant yeraltı qarajlardır. Lakin qaraj yerlərinin sayı az, qiymətlər isə "fantastik" səviyyədədir. Üstəlik, qarajı almaq istədikdə, evin qiymətinə bərabər pul ödəsən də, sənəd verilmir. Bəs bu problemdən çıxış yolu nədir?
Son.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
İnşaat eksperti Elnur Azadov deyir ki, ciddi normativ tələblər olmadığı üçün tikinti şirkətləri bu məsələni fərdi şəkildə həll edirlər: "Yaşayış komplekslərində qarajların satılması, yaxud icarəyə verilməsi şirkətin qərarından asılıdır. Adətən qaraj yerləri mənzil sayına uyğun deyil, ən yaxşı halda onun yarısı qədər olur. Çünki yeraltı qarajların inşası xeyli investisiya tələb edir".
E.Azadov vurğulayır ki, bəzi tikinti şirkətləri satış üçün nəzərdə tutulan qarajların alıcısının az olduğunu bildiyi üçün, ümumiyyətlə böyük qaraj tikmir: "Yəni gələcəkdə parklanma probleminin yaranacağı əvvəlcədən düşünülmür. Şirkətlər əsasən öz xərclərini və qazanc balansını qorumağa çalışırlar".
"Kim daha çox pul verirsə, ona satırlar"
Mütəxəssisin sözlərinə görə, bəzən layihələndirmə işini sırf memarlar özləri həyata keçirir: "Onlar bu sahədə texniki imkanları tam bilmədiklərinə görə qərarları öz düşüncələrinə əsasən verirlər. Nəticədə binalar təhvil verildikdən sonra qaraj və parklanma problemləri üzə çıxır. Tikinti şirkətləri bu vəziyyətdən sui-istifadə edirlər. Qaraj yerləri məhdud olduğuna görə, şirkətlər onları kim daha çox pul təklif edirsə, həmin şəxsə satır və ya icarəyə verirlər".
"Mənzil alarkən müqaviləyə diqqət edin"
Ekspert əlavə edib ki, tikinti şirkətləri bazarda iki hüquqi statusda - MTK və MMC kimi fəaliyyət göstərirlər. Əgər bina MTK statusu ilə inşa olunubsa, binanın bütün hissələri MTK-nın balansına daxildir və vətəndaşların bu işlərdə iştirak və nəzarət hüququ var. Amma bina MMC statusu ilə inşa olunubsa, qaraj sahələri hüquqi olaraq şirkətin balansında qalır və satış, icarə, istifadə qaydalarını şirkətin özü müəyyənləşdirir: "Vətəndaşlar mənzil alarkən müqaviləyə xüsusi diqqət yetirməlidirlər. Müqavilədə qaraj yerlərinin statusu, yəni icarə, satış və ya ümumi istifadəyə açıq olub-olmaması qeyd edilməlidir. Əks halda sakinlər sonradan ciddi problemlərlə üzləşirlər".
Qaraj yerləri hüquqi baxımdan necə rəsmiləşdirilməlidir?
