"Veo 3 – texnoloji sıçrayış, yoxsa gələcəyin təhlükəsi?" Ekspertdən açıqlama


Digərləri 08 Tem 2025 14:47:00 86 0

"Veo 3 – texnoloji sıçrayış, yoxsa gələcəyin təhlükəsi?" Ekspertdən açıqlama

"Google"un süni intellekt əsasında hazırladığı yeni nəsil video generasiya modeli "Veo 3" artıq 159 ölkədə istifadəyə verilib. Hər kəsin dilində olan bu texnologiya bəzilərinə görə kreativ azadlıq, digərlərinə görə isə təhlükəli bir gələcəyin siqnalıdır.

Bu haberi de oku: Kartof bahalaşacaq?

Texno-ekspert İlqar Şabanov "Son.az"a bu yenilik barədə danışıb.

"Veo 3" əvvəlki versiyalardan fərqli olaraq sadəcə mətni vizual videoya çevirməklə kifayətlənmir. O bildirib ki, bu model artıq süni intellekt rejissoru rolunu oynayır:

"O, səhnəni özü qura bilir, fiziki hərəkətləri reala yaxın modelləşdirir, təbiət səslərini və dodaq sinxronunu mükəmməl şəkildə təqdim edir. Hətta insan emosiyalarına uyğun nitqlər yaradır. Bu, süni intellektin artıq 'yaradıcı düşüncə' mərhələsinə keçməsi deməkdir." Onun sözlərinə görə, bu texnologiya ən çox yaradıcılıq və təhsil sahələrində inqilab yarada bilər:

"İndi bir ideyanı filmə çevirmək üçün nə studiya, nə də rejissor komandası lazımdır. Bir neçə sətir yazı kifayətdir. Müəllimlər dərsləri animasiyaya çevirərək şagirdlərə daha maraqlı formada təqdim edə bilər. Çoxdilli funksiyası da onu bütün dünyaya açıq edir." Lakin hər texnologiyanın işıqlı tərəfi olduğu kimi, qaranlıq tərəfi də var. Ekspert xəbərdarlıq edir:

"'Deepfake' videoların sayı artacaq. Kiminsə adından saxta danışan, reallığa bənzər videolar hazırlamaq daha asan olacaq. Müəllif hüquqları pozula, etik sərhədlər aşına bilər. Və ən təhlükəlisi - insanlar artıq öz yaradıcılıqlarına güvənməyib hər şeyi süni intellektə həvalə edə bilərlər." İlqar Şabanov hesab edir ki, "Veo 3" həm fürsət, həm də riskdir:

"Texnologiyanın özü zərərli deyil, onun istifadə forması zərərli ola bilər. Ona görə də qanunvericilik, etik prinsiplər və istifadəçi maarifləndirilməsi bu prosesin əsas dayaqları olmalıdır."