Müalicəvi masaj faydalıdır, amma hər kəsə uyğun deyil Reabilitoloq xəbərdar edir


Digərləri 05 Haz 2025 14:00:00 102 0

Müalicəvi masaj faydalıdır, amma hər kəsə uyğun deyil  Reabilitoloq xəbərdar edir

Son.az xəbər verir ki, reabilitoloq və fizioterapevt Afaq Azad Hit.Az-a açıqlamasında müalicəvi masajın sağlamlıq üçün faydalarına və yanlış tətbiq edildikdə doğura biləcəyi risklərə diqqət çəkib.

"Hipotonuslu əzələdə müalicəvi masaj və müalicəvi idman düzgün ardıcıllıqla tətbiq olunarsa, mükəmməl nəticə əldə etmək mümkündür. Müalicəvi masaj düzgün tətbiq olunduqda əzələ gərginliyini azaldır, qan dövranını yaxşılaşdırır, oynaq hərəkətlərini bərpa edir və ümumi rahatlıq verir. Xüsusilə boyun, bel və kürək nahiyəsindəki ağrılarda müsbət təsir göstərir", deyə reabilitoloq bildirib.

Onun sözlərinə görə, masaj bir çox reabilitasiya proqramlarının tərkib hissəsidir və idmandan sonra yaranan əzələ gərginliklərinin aradan qaldırılmasında, həmçinin stres və yuxusuzluğun azaldılmasında effektivdir.

Lakin mütəxəssis xəbərdarlıq edir ki, hər müalicə üsulunda olduğu kimi, masajın da doğru diaqnoz əsasında və mütəxəssis tərəfindən aparılması vacibdir:

"Bəzi hallarda masaj əks göstərişdir. Məsələn, fəqərə yırtığı, iltihabi proseslər, osteoporoz və ya qan laxtalanma problemləri olan insanlarda masaj əlavə fəsadlara səbəb ola bilər. Eyni zamanda, qeyri-peşəkar insanlar tərəfindən edilən masaj travmalara və sinir zədələnmələrinə yol aça bilər".