Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirildi


Digərləri 01 Haz 2025 20:26:00 115 0

Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirildi

İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib.

Son.az xəbər verir ki, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutan festivalda müxtəlif  maraq dairələrinə uyğun əyləncə zonaları yaradılıb. 

Festivala Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın övladları, uşaq evlərinin sakinləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar da dəvət alıb.  Heydər Əliyev Mərkəzinin parkında mövzular və əyləncə növləri üzrə yaradılan zonalarda maraqlı və fərqli əyləncələr, maarifləndirici proqramlar təqdim olunub.  Festival çərçivəsində uşaq və gənclərin iştirakı ilə müxtəlif konsert proqramları təşkil edilib, gənc istedadlar öz bacarıqlarını nümayiş etdirib, rəqs qrupları və musiqi ansambllarının ifasında maraqlı çıxışlar olub, viktorinalar keçirilib.  "Aqrar zona"da iştirakçılara kənd təsərrüfatı və təbiət haqqında interaktiv məlumatlar verilib. Uşaqlar bitki həyatı, ətraf mühitə bitkilərin təsiri haqqında maarifləndirici məlumatlarla isə "Botanika zonası"nda tanış ola bilib. Bu sahədə təcrübə qazanmaq üçün uşaqlara ustad dərsləri keçirilib. Uşaqların heyvanlar aləminə marağını nəzərə alınaraq festivalda "Zoopark zonası" da yaradılıb.  Builki festivala Dövlət Kukla Teatrı da dəvət olunub. Teatrın ixtiyarına verilən zonada uşaqlar üçün "Qoğal" nağılı nümayiş etdirilib.  Daha bir yenilik isə festivalda Bakı Dövlət Sirkinin iştirakı olub. Animatorlar və sirk ustaları maraqlı şou proqramlarla uşaqları sevindirib, akrobatlar, klounlar və sehrbazlar xüsusi nömrələr nümayiş etdirib. Festivalda daha bir yenilik moda meydançası olub. Bu zonada uşaqlar və gənclər peşə təhsili müəssisələri tərəfindən dizayn, floristika, moda dünyasına səyahət edib, öz yaradıcılıqlarını nümayiş etdirib və müxtəlif dizayn ideyaları ilə tanış olublar.