308 tələbəyə “Adlı təqaüd” təqdim olundu


Digərləri 20 May 2025 17:31:00 80 0

308 tələbəyə “Adlı təqaüd” təqdim olundu

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi tərəfindən təhsildə və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 308 tələbəyə "Adlı təqaüd" təqdim edilib.

Son.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan "Adlı təqaüd" Bakı Ali Neft Məktəbində (BANM) keçirilib.

Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev, millət vəkilləri, ölkənin ali təhsil müəssisələrinin rektorları, müəllimlər və tələbələr iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin vətənpərvərlik ruhunda böyüməsi, potensialının reallaşdırılması, yüksək ixtisaslı kadr kimi formalaşması istiqamətində görülən işləri qeyd edib.

Heydər Əliyev Fondunun Azərbaycan gəncliyinin inkişafındakı xidmətlərini vurğulayan Konfederasiya sədri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə elm, təhsil, mədəniyyət, səhiyyə və idman sahələrində həyata keçirilən uğurlu layihələri də diqqətə çatdırıb.

S.Məmmədov qeyd edib ki, AHİK və ATİAHİ Respublika Komitəsi son dövrlərdə dövlətin gənclər siyasətinə fəal dəstək verir, onların sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının qorunması və potensiallarının inkişaf etdirilməsi istiqamətində müxtəlif tədbirlər və layihələr həyata keçirir. Belə layihələrdən biri olan "Adlı təqaüd" tələbə gənclərin elmə və təhsilə marağının artmasına, eləcə də şəxsi inkişafına əhəmiyyətli töhfə verir.