Qarabağlı separatçıların rəhbərliyindəki intriqalar, qarşıdurmalar və didişmələr keyfiyyətcə yeni səviyyəyə keçir. Separatçıların lideri Araik Arutyunyan onu devirmək istəyində olan Ruben Vardanyandan ilk dəfə açıq-aşkar hədə və xəbərdarlıq aldı.
Qarabağlı erməni separatçıların onillərdən bəri davam edən uzun-uzadı, təhlükəli və mənasız siyasi macəralarının sonu çatmaqdadır. Xankəndindəki xuntada dünyanın bütün başqa separatizmə mübtəla olmuş bölgələrindəki hadisələr təkrarlanır: efemer hakimiyyət uğrunda mübarizə alovlanır, düşərgələrə və qruplara parçalanmış separatçılar arasında qarşıdurma gərginləşir, vahid liderin yenilənməsi axtarışları adı altında qiyam və ya çevriliş kimi interpretasiya edilə biləcək proseslər sürətlənir.
Xaknəndində indi separatçıların lideri Araik Arutyunyanla Rusiya Federasiyasının bu bölgəyə yolladığı və göstərişlər verərək konkret əməlləri tapşırdığı Ruben Vardanyan arasındakı qarşıdurma pik həddə çatıb.
"Burada, məbəd kompleksində duraraq sizə, qarabağlı ermənilərə, Ermənistan ermənilərinə, bütün dünyada yaşayan ermənilərə səslənirəm. Kənardakı düşmənin bizə təzyiqləri ilə yanaşı, içimizdəki insanların əməlləri nəticəsində itkilərimiz artır, mövqelərimiz zəifləyir.
İndiki vəziyyətdə qarabağlı ermənilər arasında ən böyük məsuliyyət daşıyan insana səslənirəm. O, Araik Arutyunyandır", - Ruben Vardanyan sabiq Ağdərə rayonunun hazırda Kəlbəcər rayonuna aid Kolatağ kəndindən 1,5 km aralıda yerləşən Akopavəng kilsə kompleksinin qalıqlarının arasında videomüraciət yazdıraraq yayıb.
Qəbim alban kilsəsini "erməni məbəd kompleksi" kimi qələmə verən Ruben Vardanyan Rusiya Federasiyasının siyasi isteblişmentindəki bəlli qüvvələrin tapşırığı və konukret təlimatları ilə Xankəndinə ezam ediləndən bəri ilk dəfə qarabağlı erməni separatçılarının lideri Araik Arutyunyana qarşı çıxıb.
Araik Arutyunyanla münasibətlərinin normal, hətta çox yaxşı olduğunu fasiləsiz təkrarlayan və başladığı proseslərin mahiyyətini söz yığınında gizlədərək mücərrəd açıqlamalarla məşğul olan Ruben Vardanyan ilk dəfədir ki, hakimiyyət mübarizəsi apardığını aşkar etiraf edib. O, A.Arutyunyanı suçlayıb, qarabağlı ermənilərin "məruz qaldığı çətinliklərdə və üzləşdikləri məşəqqətlər"də əsas baiskar adlandıraraq ittiham edib.
Onun sözlərinə görə, altı ay əvvəl, Xankəndindəki xuntanın "dövlət naziri" postundan kənarlaşdırılmazdan əvvəl Araik Arutyunyana deyibmiş: "Əgər həqiqətən mübarizə aparmaq, buradakı ermənilər üçün lider və ali baş komandan olmaq istəyirsinizsə, yanınızda dayanmalı, bizi gerçəkdən irəliyə aparmanız və bütün çətinlikləri dəf etməyimiz üçün hər şeyi etməliyik".
Ruben Vardanyan hesab edir ki, Araik Arutyunyan bunu bacarmadı.
O, A.Arutyunyanı məsuliyyətsizlikdə, ikiüzlülükdə, pula və inzibati resursa güvənərək istədiyini etməkdə, ermənilərə sürəkli yalan danışmaqda suçlayıb.
"Ötən həftə dediniz ki, istefa verəcəksiniz və kimsə sizi fikrinizdən döndərməyə çalışmasın. Sözünüzü şübhə edənlər az olmadı və əfsuslar ki, onlar haqlı çıxdılar - verdiyiniz sözü tutmadığınız, vədinizə əməl etmədiniz. Gün gələcək, masa arxasında oturacağıq və onda bilinəcək ki, hər kəsə bir söz deyibsiniz. Məlum olacaq ki, birləşməyimizi, bir yumruq olmağımızı istəmirsiniz. Dəfələrlə ünsiyyətdə olmuşuq və bilirəm ki, prinsiplər, dəyərlər, ideologiya sizin üçün önəmli məsələlər deyil. Sizə yazığım gəlir...", - Ruben Vardanyan deyib.
Daha sonra o, A.Arutyunyanın istefası məsələsinin yerli "parlament"də müzakirə edildiyi an binanın qarşısına silahlı könüllülərin yığışmasını da "təşkil edilmiş oyun" adlandırıb, bu oyunda Arutyunyanı ittiham edib.
Sonda R.Vardanyan ultimatumu səsləndirib: "Buraya gəldiyim ilk gündən mənə qarşı olubsunuz. Üzə vurmamışam. Lakin insanlar meydanlara, küçələrə çıxıb sizdən hesabat tələb etmək hüququna malikdir. Bunu etsələr, həmin adamların yanında olacağam. Siz heç zaman qarabağlı erməniləri anlamayıbsınız, anlamayacaqsınız da".
Görünən budur ki, R.Vardanyan yeni şans vəd edən situasiyanın yarandığını düşünür. O, Araik Arutyunyanı kənarlaşdıraraq xuntaya rəhbərlik etmək istəyir.
Vardanyanın fikrincə, A.Arutyunyan və onun komandasında olan şəxslər qarabağlı ermənilərin azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə bağlı Bakının şərtləri ilə tələblərinə "yetərincə sərt müqavimət göstərmirlər".
Ruben Vardanyanın sabiq Ağdərə rayonundakı alban kilsəsinin həyətində yazılmış videomüraciəti pafos, şüarçılıq, patetika və söz yığınından ibarət olsa da, erməni əsilli rusiyalı milyarder Xankəndindəki xuntanı "daha sərt tədbirlərə əl atmağa" çağırıb.
O, hesab edir ki, hazırda Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan ermənilər mütləq silahlanmalı və "Bakıya cavab verməlidir".
Təbii ki, Vardanyan təqribən 10 min nəfərlik silahlı qarabağlı erməni separatçılarını da unutmur.
Araik Arutyunyanın daim yalan danışdığını və ətrafındakı insanları aldatdığını söyləyən R.Vardanyan bu yalanların nədən ibarət olduğunu, kimlərə və nə zaman deyildiyini dəqiqləşdirmir.
"Erməni xalqı bunu bizə baışlamaz", "qarabağlı ermənilər şərəfli xalqdır" kimi absurd ifadələri bol söyləyən Vardanyan videomüraciətində eyham vurub ki, sən demə, Araik Arutyanyan qarabağlı erməni separatçılarını Bakıya "satmaq" və Xankəndindən qaçmaq niyyətindədir.
Ruben Vardanyan indiki situasiyanı özü üçün əlverişli şans hesab edir və Araik Arutyunyanı istafaya vadar etərək Xankəndindəki xuntanın idarəetmə rıçaqlarına yiyələnmək niyyətindədir.
O, tələsir, çünki Moskvadakı kuratorlarının nəzərində bacarıqlı insan, verilmiş təlimatları yerinə yetirən fiqur təsiri yaratmaq istəyir.
Tələskənliyi də səbəbsiz deyil: Xankəndində göndərildiyi gündən bəri R.Vardanyan ona tapşırılmış işlərin heç birinin öhdəsindən gəlməyib.
Tapşırıqlar barədə yazmışıq: Ruben Vardanyana verilmiş təlimatlar RSK-nın nəzarət arealında vəziyyəti gərginləşdirmək, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesin dayanmasına nail olmaq, qarabağlı ermənilərin Azərbaycana reinteqrasiyasına yol verməmək və Xankəndindəki separatçı xuntanı Ermənistanın baş naziri Nikol Paşinyanın idarəetməsindən çıxararaq müstəqil siyasi vahidə çevirmək.
Ruben Vardanyan bu tapşırıqları yerinə yetirəndən sonra Ermənistanda hakimiyyəti ələ keçirmək üçün proseslərə başlamalı, Nikol Paşinyanın hakimiyyətdən kənarlaşdırılmasına yönəlmiş hadisələrə təkan verməliydi.
O, sadalanan tapşırıqlardan heç birini gerçəkləşdirə bilmədiyindən və "etimadı doğrultmadığından" qəzəblidir.
Kilsə həyətindəki aqressiv videomüraciətin ertəsi gün R.Vardanyan Ermənistan telekanallarından birinə müsahibə verərək ritorikasını yumşaltmağa və A.Arutyunyanla müəyyən şərtlərlə əməkdaşlığa hazır olduğunu söyləsə də, İrəvan deyilənlərdən nəticə çıxarıb.
Xankəndində separatçılar arasındakı qarşıdurma gərginləşərək sərtləşdikcə, kənar oyunçuların hadisələrə müdaxiləsi güclənəcək.
Həmin oyunçular isə Rusiya Federasiyası, Ermənistan rəhbərliyi, müxtəlif ölkələrdəki erməni diasporudur.
Amma oyun zamanı bitib. Qarabağlı erməni separatçıların seçim imkanları həddən ziyadə məhdud olduğundan onlar vurnuxur, vaxt qazanmağa çalışır, vəziyyəti eskalasiyaya doğru aparır və Azərbaycanı yeni hərbi əməliyyata başlamağa təhrik etməyə çalışırlar.
Təqribən 10 min nəfərlik silahlı qarabağlı separatçılar bilirlər ki, onların RSK-nın nəzarətindəki arealı tərk etmək və ya həmin məkanlarda qalaraq normal yaşama başlamaları üçün tərksilah olmaları şərtdir.
Laçın yolu ilə Ermənistana yollanmaq da asan olmayacaq: Azərbaycanın hüquq-mühafizə orqanlarının hərbi cinayətkar saydıqları şəxslər məsuliyyətə cəlb ediləcəklər.
Digər problem isə Nikol Paşinyanın bu şəxsləri Ermənistanda görmək istəməməsidir: Ermənistanın baş naziri bilir ki, həmin ermənilərdən ölkədəki radikal müxalifətçilər və revanşistlər mütləq şəkildə hakimiyyətə qarşı hazır elektoral baza qismində istifadə edəcəklər.
Sadalanan səbəblər təbii ki, Ruben Vardanyanın isterikasına səbəb olub.
Amma gecdir...