Quran həm dirilər, həm də ölülər üçündür


Digərləri 28 Yan 2023 19:50:00 189 0

Quran həm dirilər, həm də ölülər üçündür

Quran həm dirilər, həm də ölülər üçündürBütün müsəlmanlar bu məsələdə fikir birliyinə sahibdirlər ki, insan dünyasını dəyişdikdən sonra əməl dəftəri bağlansa da, bəzi məsələlər onun bərzəx həyatındakı vəziyyətinə təsir edir. Bir şəxsin sağlığında gördüyü xeyir əməlin nəticəsi ölümündən sonra da davam etdiyi təqdirdə savabı ona yazılır. Belə ki, məsələn, quyu qazmış, ağac əkmiş, dəyərli kitab yazmış, gözəl övlad böyütmüş şəxs bunlardan gələn savaba şərik olur. İnsanlar onun əkdiyi ağacdan, qazdığı quyudan, yazdığı kitabdan, böyütdüyü övladdan faydalandıqca mərhumun özü də savab yiyəsi olur. Buna dini mənbələrdə "sədəqət əl-cariyə" (davamlı sədəqə) deyilir İslam alimləri demək olar ki, bütünlüklə bu fikirdə yekdildirlər ki, bir şəxs öləndən sonra onun əvəzinə oruc tutmaq, həccə getmək, ehsan vermək, qul azad etmək və bütün bunların savabını onun ruhuna bağışlamaq qəbul olunmuş bir məsələdir. Bunların faydası ölüyə yetişir. Ölən şəxsə dirilərin bəzi əməlləri mənfi təsir edə də bilər. Məsələn, ölünün dalınca şivən salıb ağlamaq, üz və yaxa cırmaq və s. hərəkətlər onun ruhunun qəbirdə əzab çəkməsinə səbəb olur. Deyilənlərdən bu məntiqi nəticə çıxır ki, Quran oxuyub savabını ölünün ruhuna hədiyyə etmək də ona faydalı ola bilər. Həzrət Mühəmməd Peyğəmbərin (s) sünnəsində və məsum imamların hədislərində ölünün ruhuna Quran oxumaq barədə xeyli sübutlar mövcuddur. Məsələn: 1. İbn Abbas rəvayət edir ki, Peyğəmbər (s) cənazəyə Fatihə surəsini oxudu (Sünən İbn Macə, əl-Cənaiz, hədis 1495). Ümmi-Şərik Ənsariyyə rəvayət edir ki, Peyğəmbər bizə cənazə üçün Fatihə surəsini oxumağı əmr etdi (yux. mənbə, hədis 1496). 2. Ləclac adlı səhabə oğlu Əlaya vəsiyyət etmişdi ki, onu məzara qoyandan sonra başının üstündə Fatihə və Bəqərə surələrini oxuyub bitirsin. "Mən Allahın Rəsulundan bunu eşitmişəm" (Təbərani. Əl-Möcəm əl-kəbir, 19-cu cild, səh. 221; Heysəmi. Məcmə əl-zəvaid və mənbə əl-fəvaid, 3-cü cild, səh. 44). Bu kitablarda eyni məzmunlu hədis Abdullah ibn Ömərdən də rəvayət olunub və Heysəmi qeyd edib ki, hədisin rəvayətçiləri mötəbərdir. 3. Əbu Hüreyrə Peyğəmbərdən (s) nəql edir: "Hər kim qəbristanlığa daxil olub, Fatihə, Qul huvəllah və Təkasür surələrini oxusa, sonra "İlahi, Sənin kəlamından oxduqlarımın savabını qəbirlərdə yatan mömin kişi və qadınlara hədiyyə etdim" söyləsə, onlar (ölülər) həmin adam üçün Allahın hüzurunda şəfaət edərlər" (Şeyx Əli Qari. Mirqat əl-məfatih şərh Mişkat əl-məsabih, 4-cü cild, səh. 173). 4. Ənəs Peyğəmbərdən (s) rəvayət edir: "Kim qəbristanlığa daxil olub Yasin surəsini oxusa, ölülərin əzabı yüngülləşər və həmin şəxsə onların sayı qədər savab verilər" (yux. mənbə, 4-cü cild, səh. 174). 5. Məqil ibn Yəsar rəvayət edir ki, Peyğəmbər buyurub: "Ölənlərinizə Yasin oxuyun". (Sünən Əbu Davud, əl-Cənaiz, hədis 3121; Sünən İbn Macə, əl-Cənaiz, hədis 1448; Nəsai. Əməl əl-yovm və-l-leylə, hədis 1074-1075; Nəsai. Əl-Sünən əl-kübra, 9-cu cild, səh. 394, hədis 10.846; Əhməd ibn Hənbəl. Müsnəd, 8-ci cild, səh. 236, hədis 20.837 və 8-ci cild, səh. 239, 20.850; Təbərani. Əl-Möcəm əl-kəbir, 20-ci cild, səh. 219, hədis 510; Hakim Nişaburi. Əl-Müstədrək əla-l-Səhiheyn, 1-ci cild, səh. 565; Səhih İbn Həbban, 7-ci cild, səh. 269; Beyhəqi. Sünən əl-kübra, 3-cü cild, səh. 383). 6. İmam Əli (ə) Peyğəmbərdən (s) rəvayət edir: "Hər kim qəbristanlıqdan keçəndə on bir dəfə "Qul huvəllahu əhəd" surəsini oxusa, sonra savabını ölülərə hədiyyə etsə, ona (həmin qəbristanlıqda basdırılmış) ölülərin sayı qədər savab verilər" (Əcluni Cərrahi. Kəşf əl-xəfa və müziyl əl-ilbas, 2-ci cild, səh. 334). Qeyd edək ki, Əllamə Süyuti bu hədislərin hamısını "Şərh əl-südur bi-şərh hal əl-movta və-l-qübur" kitabında təqdim etmiş və onlara şərh vermişdir. İslam tarixinin ilk dövrlərindən etibarən qəbir üstündə Quran oxumaq ənənəsi geniş yayılmışdı. Mötəbər hədis alimlərindən olan İbn Əbi Şeybə "əl-Müsənnəf" kitabında (7-ci cild, səh. 113, hədis 10.953) yazır: "Ənsar (yəni Mədinənin yerli sakinləri olan səhabələr) ölünün yanında Fatihə surəsini oxuyurdular". Yenə bəzi kitablarda qeyd edilir ki, ənsarın ölüsü düşəndə onun qəbrinin yanına axışır və orada Quran oxuyurdular.

Dünyasını dəyişmiş şəxs üçün Quran oxumaq barəsində İslam alimlərinin fikirləri fərqlidir. Bu məsələdə müxtəlif mövqelər ortaya qoyulmuşdur. Bunları iki əsas qrupa bölmək mümkündür. Bir dəstənin fikrincə, bu işin ölüyə faydası vardır. İkinci dəstənin fikrincə, bu iş bidətdir, nə ölüyə, nə də Quran oxuyan şəxsə faydası dəyməz. Əsasən, şiə məzhəbinin nümayəndələri birinci mövqeyi dəstəkləyirlər. Ənənəvi əhli-sünnə alimləri də bu mövqeni bölüşür, özünü əhli-sünnəyə aid edən radikal qüvvələr (sələfi və vəhhabilər) ikinci fikri müdafiə edirlər. Dörd əhli-sünnə məzhəbinin görüşlərini ehtiva edən "əl-Fiqh əla-l-məzahib əl-ərbəə" (Dörd məzhəb üzrə fiqh) kitabında yazılıb: "(Qəbirləri) ziyarət edən şəxs yaxşı olar ki, dua etməklə, Allaha yalvarmaqla, ölülərə (ölümə) diqqət yetirməklə, meyyit üçün Quran oxumaqla məşğul olsun; daha düzgün olan görüşə görə, bu, meyyit üçün faydalıdır" (1-ci cild, səh. 490). Adıçəkilən kitab əhli-sünnə məzhəblərinin demək olar ki, bütün məsələlərdə görüşlərini əks etdirir, fərqlilik olan yerlərdə hər məzhəbin görüşü ayrıca qeyd edilir. Qəbir ziyarəti zamanı Quran oxumaq məsələsində istisna verilməməsi bunu göstərir ki, müəllif bu məsələnin dörd məzhəbdə yekdil qəbul edildiyi qənaətindədir. Misir Fətva Qurumunun (Dar əl-İfta əl-Misriyyə) mövzu ilə bağlı suallara cavab olaraq verdiyi fətvalar da diqqətəlayiqdir. Bu qurumun bir neçə fətvasında ölü üçün Quran oxumaq, oxunan Quranın savabını ölüyə bağışlamaq, ölü üçün Quran oxumaq əvəzində muzd almaq kimi məsələlərə aydınlıq gətirilir. Fətvaların hamısında bu məsələlərə müsbət rəy verilib və bunların icazəli olduğu bəyan edilib. Misir Fətva Qurumunun qəbristanlıqdakı ölülərə Quran oxumağın caizliyi barədə suala verdiyi cavabdan (21 may 2013-cü il tarixli 94 saylı fətva) məlum olur ki, bu mövzuda bir neçə müstəqil kitab qələmə alınmış, yaxud kitabların bir fəsli bu mövzuya həsr edilmişdir. Həmin əsərlərin müəllifləri arasında maliki, hənbəli, şafii məzhəblərinin mənsubları vardır. Maraqlıdır ki, sələfiliyin ideya müəlliflərindən biri olan İbn Teymiyyənin babasının əmisi oğlu, öz zəmanəsində görkəmli hənbəli alimi kimi tanınmış Hafiz Seyfəddin Əbdülğəni Hərraninin (vəf. h. 639) "İhda əl-qürəb ila sakiney əl-türəb" kitabında da Quran oxuyub ölünün ruhuna hədiyyə etmək icazəli bilinir. Dünyasını dəyişmiş şəxs üçün Quran oxumaq İslam dünyasında o qədər məşhur və geniş yayılmış bir ənənə olmudur ki, hətta bəzi alimlər bu məsələdə icmanın olduğunu, yəni müsəlman ümmətinin bütün alimlərinin bu barədə fikir birliyinə gəldiyini iddia etmişlər. Məsələn, görkəmli hənbəli alimi, hicri VII əsrdə yaşamış Şəmsəddin Əbulfərəc İbn Qüdamə Məqdisi öz əmisinin "əl-Müqni" adlı kitabına yazdığı "əl-Şərh əl-Kəbir" əsərində (6-cı cild, səh 261-262) qeyd edir: "Bəziləri deyir ki, ölünün yanında Quran oxunanda və savabı ölüyə hədiyyə ediləndə savabı oxuyana verilir, ölü də onun yanında hazır kimi sayılır, ona da rəhmət düşəcəyinə ümid var. Bizim də qənaətimiz budur və bu, müsəlmanların ümumi rəyidir (icmadır). Hər zamanda və hər yerdə müsəlmanlar bir araya toplaşıb Quran oxuyur və savabını öz ölülərinə hədiyyə edirlər; bunda şübhə edən də yoxdur". Hicri VIII əsrdə yaşamış Əbu Abdullah Mühəmməd Diməşqi Osmani Şafii də "Rəhmət əl-ümmə fi ixtilaf əl-əimmə" kitabında bu əqidəni icma kimi qeyd edir: "İcma ediblər ki, istiğfar (günahlarının bağışlanmasını diləmək), dua etmək, sədəqə vermək, həccə getmək və qul azad etmək ölüyə fayda verər və savabı ona yetişər. Qəbrin yanında Quran oxumaq müstəhəbdir" (səh. 72). Daha sonra müəllif bu barədə alimlər arasındakı fikir ayrılıqlarına toxunur. Ardınca yazır: "Şafii imamlarından olan İbn əl-Səlah deyir: "Quranı oxuyub savabını ölüyə hədiyyə etməkdə fəqihlərin fikir ayrılığı vardır. Əksəriyyətin fikri budur ki, bu iş icazəlidir. Yaxşı olar ki, adam bunu etmək istəyərkən desin: "İlahi, oxuduğumun savabını filankəsə çatdır" və dua etsin. Duanın ölüyə yetişəcəyi və fayda verəcəyi barədə şübhə yoxdur. Xeyir əhli ölülərə Quran oxuyub dua etməyin bərəkətini görüb". Məzhəb başçılarının məsələyə münasibəti də maraqlıdır. Belə ki, İmam Əhməd ibn Hənbəlin əvvəlcə ölüyə Quran oxumaqla müxalif olduğunu, daha sonra rəyini dəyişərək buna icazə verdiyini yazırlar (əl-Şərh əl-Kəbir, 6-cı cild, səh 256). İbn Hənbəldən rəvayət olunur ki, qəbristanlığa girəndə Fatihə, Fələq, Nas və İxlas surələrini oxuyun, bunların savabını məzar əhlinə verin, bu, onlara yetişəcək (Süyuti. Şərh əl-südur, səh. 312). İmam Şafiinin məsələyə münasibəti barədə məlumatlar ziddiyyətlidir. Bəziləri onun "oxunan Quran ölüyə fayda verməz" düşüncəsində olduğunu iddia etdikləri halda, bəzi mənbələrdə onun tam əks mövqedə olduğu yazılıb. Belə ki, məşhur şafii alimi İmam Nəvəvi çox tanınmış hədis məcmuəsi olan "Riyaz əl-Salihin" kitabında (səh 240, hədis 947) yazır: "Şafii (rəhmətullah əleyh) deyib: "Müstəhəbdir ki, dəfndən sonra qəbrin yanında Qurandan nə isə oxusunlar, qəbrin yanında Quranı xətm etsələr, daha yaxşıdır". İmam Nəvəvi ölü üçün Quran oxumağın caizliyi barədə qənaətini "əl-Əzkar" (səh. 218) kitabında da qeyd etmişdir. Həmçinin, İmam Nəvəvi "Səhih Müslim"ə yazdığı şərhdə də (1-ci cild, səh. 89-90) tam qətiyyətlə öz fikrini bildirir: "Şafii fəqihi, qazılar qazısı Əbulhəsən Mavərdinin "Havi" kitabında bəzi kəlam alimlərindən nəql etdiyi "öləndən sonra meyyitə savab çatmaz" fikri batil yol, açıq-aşkar səhvdir, Quranın, sünnənin və ümmət icmasının əksinədir, (o qədər zəifdir ki,) heç diqqətə layiq fikir deyil". Əllamə Süyuti də "Şərh əl-südur" əsərində ölüyə Quran oxumağın caizliyini əksər şafii məzhəbli alimlərə, hətta digər məzhəb alimlərinə də aid edir: "Qiraətin (Quran oxumağın savabının) ölüyə yetişməsi barədə fikir ayrılığına düşmüşlər. Keçmiş alimlərin çoxu və üç imam (Əbu Hənifə, Malik və İbn Hənbəl) savabın ölüyə yetişməsi fikri üzərində birləşmişlər, bu məsələdə imamımız Şafii onlara əks çıxmışdır" (Süyuti. Şərh əl-südur, səh. 310). Süyuti növbəti səhifədə bu fikir üzərində daha da təkid edir: "Qəbrin yanında Quran oxumağa gəlincə, məzhəbimizin alimləri və başqaları bunun şəriətə uyğun olması fikrinə gəlmişlər" (səh. 311). Hənəfi məzhəbinin görüşlərini özündə ehtiva edən və sadə dildə qələmə alınmış "əl-Fətava-l-Hindiyyə" risaləsində (1-ci cild, səh. 183) dəfndən sonra yerinə yetirilməsi müstəhəb olan əməllər xatırlanır: "Müstəhəbdir ki, ...Quran oxuyub, ölü üçün dua etsinlər. Qəbirlərin yanında Quran oxumaq Mühəmməd rəhmətullahi-təalanın (İmam Mühəmməd Şeybaninin) nəzərində məkruh deyil və şeyxlərimiz onun sözünü qəbul etmişlər. Bu, ölüyə fayda verərmi? Seçdiyimiz (bəyəndiyimiz) rəy budur ki, fayda verər". Qeyd edək ki, mövzu barədə bir çox kitablarda, o cümlədən, İbn Qüdamənin "Müğni" kitabında və şərhlərində də geniş məlumatlar mövcuddur. Həmin əsərdə ölüyə Quran oxumağı icazəli bilən alimlərin fikirləri ətraflı nəql edilib.

Çexiyada prezident seçkilərinin qalibi like
  • 28 Yan 19:46  
Siyasət Çexiyada prezident seçkilərinin qalibi

İstefada olan general, NATO Hərbi Komitəsinin keçmiş rəhbəri Pyotr Pavel

arrow Ətraflı
Qəbizlikdən əziyyət çəkənlər oxusun! like
  • 28 Yan 19:45  
Digərləri Qəbizlikdən əziyyət çəkənlər oxusun!

Qəbizlik ən yayılmış pozulmalardan biridir. Lakin buna baxmayaraq bir çox

arrow Ətraflı
Bir dostun məktubu like
  • 28 Yan 19:40  
Digərləri Bir dostun məktubu

Zəmanə getdikcə pisləşir. Yaşamaq günü-gündən ağır gəlir insana. B�

arrow Ətraflı
Katalin Novak səfirliyimizə hücumu pislədi like
  • 28 Yan 19:32  
Siyasət Katalin Novak səfirliyimizə hücumu pislədi

Macarıstan Prezidenti Katalin Novak Azərbaycanın Tehrandakı səfirliyinə h�

arrow Ətraflı
Səhər yeməyinin ən vacib qida qəbulu olduğuna dair beş səbəb like
  • 28 Yan 19:30  
Digərləri Səhər yeməyinin ən vacib qida qəbulu olduğuna dair beş səbəb

Amerika Birləşmiş Ştatlarının Ohayo Universitetinin 2021-ci ilin iyulunda

arrow Ətraflı
Tanınmış polkovnik Naxçıvana rəis təyin olundu  FOTO like
  • 28 Yan 19:28  
Digərləri Tanınmış polkovnik Naxçıvana rəis təyin olundu FOTO

Naxçıvan şəhər Polis İdarəsinə yeni rəis təyin olunub.

arrow Ətraflı
Özcan anası ilə bağlı iddialara like
  • 28 Yan 19:27  
Şou-biznes Özcan anası ilə bağlı iddialara

Bir müddətdir sevgili olduğu modelyer Samar Dadqar ilə gizli evlənən müğ

arrow Ətraflı
Naxçıvanda restoranlara at əti satanlar like
  • 28 Yan 19:26  
Digərləri Naxçıvanda restoranlara at əti satanlar

Babək rayonunda yararsız at ətini mal əti adı altında kafe və restoranlar

arrow Ətraflı
Kamilliyə aparan iki peyğəmbər like
  • 28 Yan 19:20  
Digərləri Kamilliyə aparan iki peyğəmbər

İnsanı bütün varlıqlardan fərqləndirərək təkamülə çata biləcək bi

arrow Ətraflı
Molla rejiminin qanlı əli – SEPAHla bağlı like
  • 28 Yan 19:16  
Siyasət Molla rejiminin qanlı əli – SEPAHla bağlı

Qərbin İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) münasibəti s�

arrow Ətraflı
Hər gün sulu xörək yemək zərərli ola bilər like
  • 28 Yan 19:15  
Digərləri Hər gün sulu xörək yemək zərərli ola bilər

Qastroenteroloq Natalya Şustova şorbanın gündəlik istehlakının təhlükə

arrow Ətraflı
Allah tərkidünya olmağımızı istəmir like
  • 28 Yan 19:10  
Digərləri Allah tərkidünya olmağımızı istəmir

Tələbələrdən biri tərki-dünya (özünə qapılaraq, hamıdan qaçıb bir

arrow Ətraflı
Yeni yayılan qripə qarşı peyvəndin qiyməti necəyədir? like
  • 28 Yan 19:05  
Digərləri Yeni yayılan qripə qarşı peyvəndin qiyməti necəyədir?

Qrip epidemiyaları zamanı insanların qripə yoluxmasının qarşısını alma

arrow Ətraflı
Ermənilər Zaxarovanı hədələdilər – Rus polkovnik sərt like
  • 28 Yan 19:04  
Siyasət Ermənilər Zaxarovanı hədələdilər – Rus polkovnik sərt

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın dünənki br

arrow Ətraflı
“Bizə düşmən kimi baxırlar"  İranla bağlı like
  • 28 Yan 18:58  
Siyasət “Bizə düşmən kimi baxırlar" İranla bağlı

"Bu, öncədən planlaşdırılan terror hücumudur. Həmin şəxsin uşaql

arrow Ətraflı