İnnovasiya Mərkəzi: Aqroparklarda qazanılan təcrübə xırda təsərrüfatlara da inteqrasiya olunmalıdır


İqtisadiyyat 02 İyn 2020 16:24:53 236 0

İnnovasiya Mərkəzi: Aqroparklarda qazanılan təcrübə xırda təsərrüfatlara da inteqrasiya olunmalıdır

​Kənd təsərrüfatı məhsulları tez xarab olan məhsullar olduğuna görə onların realizasiya prosesinin sürətli aparılması tələb olunur

Kənd təsərrüfatı məhsulları tez xarab olan məhsullar olduğuna görə onların realizasiya prosesinin sürətli aparılması tələb olunur. Fermerlər isə çox zaman məhsulu tez sata bilmir və nəticədə məhsul xarab olaraq yararsız vəziyyətə düşür. Bu da onların maddi itki yaşamasına və bazarda məhsul qıtlığının yaranmasına səbəb olur. Belə problemlərin qarşısını almaq, məhsulların yerli və xarici bazarlara çıxarılması, onların saxlanma və daşınma məsələlərini qaydaya salmaq məqsədilə bir sıra dünya ölkələrində aqroparkların yaradılması həyata keçirilir.

Aqroparklar özündə kənd təsərrüfatı maşınqayırması, kimya, tikinti, bitkiçilik, heyvandarlıq, yeyinti, nəqliyyat, ticarət kimi müxtəlif sahəvi strukturları birləşdirir. Aqropark dedikdə qarşılıqlı əlaqədə olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birlikdə fəaliyyəti nəzərdə tutulur.

Azərbaycanda aqroparkların yaradılmasına Prezidentin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən başlanıldı. Ölkədə ilk aqroparkın təməli 2014-cu il noyabrın 15-i Şəmkirdə qoyuldu.

Ölkədə fəaliyyət göstərən aqroparklar barədə “Report”a açıqlama verən Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri, kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli qeyd edib ki,aqroparkların qurulmasına birbaşa və dolayı yolla dövlət dəstəyi verilir:

“Bildiyimə görə hazırda Azərbaycanda 23 aqroparkın qurulması prosesi gedir. Bu layihələrin əsas koordinatoru İqtisadiyyat Nazirliyidir. Aqroparkların qurulmasına dövlət tərəfindən birbaşa və dolayı yolla dəstək göstərilir. Aqroparklara güzəştli və uzunmüddətli kredit dəstəyi verilir, əsas vəsaitin bir hissəsi dövlət tərəfindən təmin olunur. Aqropark heyvandarlıq sahəsində fəaliyyət göstərirsə, lizinq yolu ilə hər bir baş heyvana düşən dəyərin 60%-ni dövlət ödəyir. Aqropark bitkiçilik istiqamətində formalaşıbsa, əkdiyi bitkilərə görə dövlətin müəyyən etdiyi həcmdə subsidiya alır”.

N.Nəsirli bildirib ki, aqroparklar uzun müddət otlaq sahələri olub və idarə edilməyən torpaqlarda qurulur:

“Bu aqroparkların çoxu vəhşiləşmiş torpaqlarda yaradılıb. Hətta hərbi tullantılarla zibillənmiş ərazilərdə yaradılmış aqroparklar var. Həmin torpaqlar ölkənin ümumi əkin dövriyyəsinə daxil olunub və bu aqroparklarda müasir becərmə, suvarma və kənd təsərrüfatı texnologiyaları tətbiq olunub. Onlardakı proseslər, demək olar ki, avtomatlaşdırılıb.

Biz uzun illərdir kənd təsərrüfatında birgə fəaliyyətin yaradılması formalarını axtarırdıq. Dünyada da belə bir təcrübə var. Azərbaycanda da dövlət proqramı ilə iri və orta fermer təsərrüfatlarının, kooperasiyaların, müxtəlif xarakterdə aqroparkların yaradılması təklif olunurdu. Aqroparkların formalaşması həmin dövlət proqramında qoyulan strategiyanın həyata keçirilməsidir. Aqroparklarda proses tamamilə avtomatlaşdırılıb və innovasiyalar tətbiq olunur”.

Ekspert qeyd edib ki, aqroparkların yaradılması müxtəlif cəhətlərdən iqtisadiyyatımıza dəyər qazandıra bilər:

“Əsasən ölkənin ərzaq təhlükəsizliyinin qarşısında duran problemlərin həlli məqsədilə yaradılan bu aqroparkların hər birinin öz təyinatı var. Artıq aqroparklarda həm heyvan başına düşən məhsuldarlıq göstəricilərinin artdığını, həm də bitkiçilikdə məhsuldarlığın orta göstəricisini 50-60 sentnerdən yüksək olduğunu görürük. Bu nəticələri xırda təsərrüfatlarda əldə etmək mümkün deyil.

Aqroparklar istehsal prosesinin “torpaqdan süfrəyə qədər” zənciri əsasında həyata keçirilməsinə imkan verir. Eyni zamanda aqropark özündə kənd təsərrüfatı kompleksinin bir neçə prosesini, ilkin istehsalı və son istehsalı əhatə etməklə əlavə dəyər yaratmış olur.

Aqroparklar ixrac prosesində də çox mühüm rol oynayır. Onlarda marketinq, markalanma, standartlaşdırma, məhsullar üzərində beynəlxalq standartların tətbiqlərinin olması ixrac prosesinə dəstək göstərir. Düşünürəm ki, aqroparkların sayı artacaq. Çünki bu, dövrün tələbidir. Lakin onlarda əldə edilən elmi biliklər, təcrübələr, əldə edilən innovasiyalar hökmən xırda təsərrüfatlara da inteqrasiya olunmalıdır ki, bu təsərrüfatlarda da inkişaf sürətlə getsin. Əks halda aqroparklarla kiçik təsərrüfatlar arasında fərqlər kəskin şəkildə artmağı regionların stabil inkişafına çox ciddi təsir göstərə bilər. Eyni zamanda, aqroparklar regionlarımızın torpaq-iqlim şəraiti və iqtisadi potensialına uyğun qurularsa həmin regionda iş yerlərinin yaradılması, təbii resursların realizasiya olunması və digər prizmalardan iqtisadiyyatımıza çox böyük dəyər qazandıra bilər”.