Azərbaycanın 21 sığortaçısının məcmu xalis mənfəəti 1% artıb


İqtisadiyyat 09 Apr 2020 10:00:00 93 0

Azərbaycanın 21 sığortaçısının məcmu xalis mənfəəti 1% artıb

"Naxçıvan Sığorta” ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətinin ötənilki xalis mənfəəti 62,212 milyon manat təşkil edib

"Naxçıvan Sığorta” ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətinin 2019-ci ildə məcmu gəlirləri 705,493 milyon manat təşkil edib.

“Report” xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 10,8% çoxdur.

Hesabat ilində sığortaçıların məcmu xərcləri isə 11,3% artaraq 620,659 milyon manat olub. Şirkətlərdən 10-nun gəlirləri, 13-nün isə xərcləri artıb.

Ötən ilin yekununda sığortaçıların məcmu maliyyə mənfəəti 84,834 milyon manat olub ki, bu da əvvəlki illə müqayisədə 6,9% çoxdur. 8 şirkətdə maliyyə mənfəəti artıb, 6 şirkətdə maliyyə mənfəəti azalıb, 2 şirkətdə isə maliyyə zərəri artıb. 2018-ci ildə maliyyə mənfəəti əldə etmiş 2 şirkət 2019-cu ildə maliyyə zərərinə uğrayıb, əvvəlki il maliyyə zərərinə uğramış 3 şirkət isə ötən il maliyyə mənfəəti əldə edib.

2019-cu ildə sığorta şirkətləri 22,622 milyon manat məbləğində mənfəət vergisi ödəyib. Bu, 2018-ci ilə nisbətən 28,7% çoxdur. 21 şirkətdən 6-sı vergi ödənişlərini artırıb, 8-i vergi ödənişlərini azaldıb (bunlardan 2-də azalma 100% olub), əvvəlki il vergi ödəməmiş 7 şirkətdən 5-i ötən il də vergi ödəməyib, 2-si isə vergi ödəyib.

Ötən ilin yekununda Azərbaycan sığortaçılarının məcmu xalis mənfəəti isə 62,212 milyon manat olub. Bu da əvvəlki illə müqayisədə 0,75% çoxdur. 2019-cu ildə maliyyə mənfəətini artırmış 8 şirkət həm də xalis mənfəətini artırıb. Maliyyə mənfəəti azalmış 6 şirkətin həm də xalis mənfəəti azalıb, maliyyə zərəri artmış 2 şirkətin isə həm də zərəri artıb. 2018-ci ili mənfəətlə başa vurmuş 2 şirkət 2019-cu ili zərərlə, əvvəlki ili zərərlə başa vurmuş 3 şirkət isə ötən ili mənfəətlə başa vurub.