Anar Hüseynov: “Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı daha da artacaq”


İqtisadiyyat 23 Noy 2019 12:59:26 408 0

Anar Hüseynov: “Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı daha da artacaq”

​Anar Hüseynov: “Azərbaycanın meyvə-tərəvəz məhsulları Rusiyada çox sevilir”

Rusiyanın paytaxtı Moskva şəhərində X Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində bu gün "Kənd təsərrüfatında qarşılıqlı fəaliyyətin perspektivləri" mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə “Report”a Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Tədbirdə çıxış edən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Anar Hüseynov qeyd edib ki, Rusiya bazarı Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün ənənəvi bazardır:“Bu ölkəyə ixracda kənd təsərrüfatı məhsulları xüsusi yer tutur. Azərbaycanın meyvə-tərəvəz məhsulları Rusiyada çox sevilir. Bu baxımdan iki ölkə arasında aqrar ticarətin genişləndirilməsi, aqrar tədqiqatlar sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı birgə layihələrin həyata keçirilməsi istiqamətində geniş müzakirələr apardıq. Ümid edirəm ki, əlaqələrimiz daha da inkişaf edəcək. Kənd təsərrüfatı məhsullarının ixrac potensialı daha da artacaq”.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan qurumların rəhbər şəxsləri tərəfindən ölkəmizdə aqrar sahədə həyata keçirilən islahatlar və layihələr barədə təqdimat nümayiş olunub. Görüş zamanı Azərbaycan istehsalı olan kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına ixrac məsələləri müzakirə edilib, “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən hazırlanan və növbəti ildən etibarən qablaşdırılaraq ixracı nəzərdə tutulan yeni brend barədə tədbir iştirakçılarına məlumat verilib. Kənd təsərrüfatı sahəsində iki ölkə arasındakı əlaqələrin inkişaf perspektivləri ilə bağlı ətraflı müzakirə aparılıb.

Qeyd edək ki, bu günXalq Təsərrüfatı Nailiyyətləri Sərgisi keçiriləcək. Sərgidə yer alan Azərbaycan pavilyonunda “Kənddən Şəhərə” brendi altında qablaşdırılan Zaqatala çayı, o cümlədən çoxlu sayda yerli istehsal olan kənd təsərrüfatı və qida məhsulları nümayiş olunacaq.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək