Azərbaycanlı fermerlər "Aqrolizinq"in xidmətlərindən mobil tətbiqlər vasitəsilə istifadə edəcəklər


İqtisadiyyat 24 Sen 2018 11:20:27 681 0

Azərbaycanlı fermerlər "Aqrolizinq"in xidmətlərindən mobil tətbiqlər vasitəsilə istifadə edəcəklər

Qurumun rəhbər şəxsləri Şəkidə vətəndaşlarla görüş keçirib

Şəki şəhərindəki Mirzə Fətəli Axundzadə adına Mədəniyyət Evində Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin rəhbər işçiləri ilə vətəndaşların görüşü keçirilib.

“Report” nazirliyə istinadən xəbər verir ki, görüş regionlarda “Regionlarda maarifləndirmə və sorğu” layihəsi çərçivəsində baş tutub.

Yüzdən çox vətəndaşın iştirak etdiyi görüşdə “Aqrolizinq”in fəaliyyəti, göstərilən xidmətlər, kənd təsərrüfatı texnikası, gübrə və damazlıq heyvanların lizinqə verilmə şərtləri barədə geniş məlumat verilib, vətəndaşların çoxsaylı sualları cavablandırılıb.

Qurumun İnformasiya və elektron xidmətlər şöbəsinin müdiri Ayaz Qədirov xidmətlərin elektronlaşdırılması ilə bağlı təqdimat keçirib, gələcəkdə xidmətlərdən mobil tətbiqlər vasitəsilə yararlanmaq imkanlarının olacağını deyib. Vətəndaşlar mobil telefonlar vasitəsilə texnika, gübrə, damazlıq heyvan sifarişlərinin götürülməsi ideyasını dəstəkləyiblər.

Tədbirin sonunda Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarından fermerlərə güzəşt müqavilələri təqdim olunub.

“Aqrolizinq”in göstərdiyi xidmətlər və lizinq qaydalarına dair vətəndaşların maarifləndirilməsi, həmçinin mövcud problemlərin dinlənilməsi və onların həll edilməsi məqsədilə bu tip görüşlər davam edəcək.