Qəza baş vermiş stansiyanın bir bloku gün ərzində bərpa oluna bilər


İqtisadiyyat 03 İyl 2018 13:25:10 336 0

Qəza baş vermiş stansiyanın bir bloku gün ərzində bərpa oluna bilər

Elektrik təsərrüfatının bütövlükdə bərpası 4-5 gün davam edə bilər

Mingəçevir. 3 İyul. REPORT.AZ / Mingəçevirdə yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasının (İES) bir blokunun istismarı gün ərzində bərpa oluna bilər.

“Report”un Şirvan bürosunun əldə etdiyi məlumata görə, ən az zərər görmüş 7-ci blokun yenidən işə salınması üçün hazırlıqlar aparılır.

Əldə olunan məlumata görə, Azərbaycan İstilik Ekektrik Stansiyasının elektrik təsərrüfatında və 6-cı blokunda baş vermiş qəza stansiyanın bütün fəaliyyətini iflic edib. Belə ki, 6-cı blokla yanaşı, digər blokları qidalandıran enerji xətləri sıradan çıxıb və qəzalı vəziyyətə düşüb. Bu səbəbdən də hazırda stansiyanın heç bir enerji bloku işləmir. Hazırda elektrik təsərrüfatının bərpası işləri aparılır. Məlumata əsasən, bütövlükdə proses ən azı 4-5 gün davam edə bilər. Xətlər və sıradan çıxmış qurğular bərpa olunduqca bloklar növbəliklə işə salınacaq. İlk növbədə isə az zərər görmüş 7-ci enerji blokunun işə salınması nəzərdə tutulur. Bunun üçün ciddi hazırlıq işləri aparılır. Günün sonunadək bu blokun işə salınması nəzərdə tutulur.

Hələlik isə enerji istehsalı dayanmış stansiyanın yaratdığı boşluq alternativ enerji qaynaqları hesabına doldurulur.

Ümumən stansiyaya dəymiş ziyanın həcmi hələlik tam bəlli deyil. Müvafiq qurumlar bununla əlaqdar araşdırmalar və təhlillər aparır.

Stansiyada olan hökumət rəsmiləri vəziyyətin ən qısa zamanda bərpa olunması üçün müzakirələr aparıb və konkret tapşırıqlar verib.