Rövnəq Abdullayev:“TANAP Azərbaycan və Türkiyənin dünyaya böyük töhfəsi olacaq”


İqtisadiyyat 11 İyn 2018 16:11:24 327 0

Rövnəq Abdullayev:“TANAP Azərbaycan və Türkiyənin dünyaya böyük töhfəsi olacaq”

Şirkət prezidenti: "SOCAR-ın hələ uzun illər Azərbaycan və Türkiyə iqtisadiyyatlarına xidmət etməsi üçün məqsədyönlü tədbirlər görməyə davam edəcəyik"

“Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsi Azərbaycan və Türkiyənin dünyaya böyük töhfəsi olacaq”.

“Report”un Türkiyə müxbiri xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “SOCAR Turkey Enerji A.Ş”nin yeni inzibati binasının açılışında bildirib.

R. Abdullayev qeyd edib ki, 2018-ci il Azərbaycan üçün ən önəmli tarixlərdəndir. “Belə ki, 100 il öncə Şərqdə ilk demokratik cumhuriyyət olaraq Azərbaycan Xalq Cumhuriyyəti yaranıb. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilib. Bu bizim üçün böyük bir qürur mənbəyidir. Eyni zamanda, bu il inşaatları davam edən layihələrimiz tamamlanaraq əməliyyata keçəcək. Azərbaycanın ulu öndəri, mərhum Heydər Əliyevin “bir millət, iki dövlət” şüarına uyğun olaraq Türkiyədə bütün gücümüzlə çalışırıq. 2008-ci ildən bəri Türkiyədə investisiyalarımıza davam edərək Türkiyənin ən böyük xarici investoru ünvanını qazanmışıq”.

SOCAR prezidenti bildirib ki, şirkətin həyata keçirməkdə olduğu layihələr tamamlandıqda Türkiyəyə yatırılan sərmayələrin həcmi ümumilikdə 19,5 mlrd.dollara çatacaq.

“Biz Türkiyədəki fəaliyyətimizi regional əhəmiyyətli layihələrlə başladıq. Daha sonra qlobal enerji təhlükəsizliyi üçün mühüm önəm kəsb edən layihələrə imzamızı atdıq.

Avropa İttifaqı ölkələrinin Azərbaycan təbii qazı ilə təchizatında tarixi bir rol oynayacaq TANAP layihəsinin bildiyiniz kimi, sabah Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğanın iştirakı ilə Eskişəhərdə açılışı olacaq. Bu layihə Azərbaycan və Türkiyənin dünyaya böyük töhfəsi olacaq.

“21-ci əsrin layihəsi” olaraq səciyyələndirilən bu nəhəng layihə Azərbaycan və Türkiyə dövlətlərinin birgə səylərinin nəticəsidir”,-SOCAR prezidenti vurğulayıb.

O qeyd edib ki, bu ilin son rübündə isə Əliağada (İzmir) STAR Neft Emalı Zavodu, “Petlim” Konteyner Limanı, “Petkim” Külək Elektrik Stansiyasının açılışları baş tutacaq.“Bütün qeyd etdiyim bu layihələr ölkələrimizin gələcəyi, yeni iş yerlərinin açılması və inkişaf üçün ən vacib amillərdəndir.Bu binada Türkiyədə qeyd etdiyim investisiyalarımızı və gələcək planlarımızı tək mərkəzdən idarə etmək imkanı qazanacağıq. Belə ki, İstanbulda 4 fərqli binada olan işçilərimiz artıq tək binada toplanır və bu da öz növbəsində daha sürətli və effektiv qərarvermə və daha rahat kommunikasiya imkanı yaradacaq.Burada əməkdaşlarımız üçün bütün lazımi şəraitin yaradıldığı haqqında məlumat verildi. İş otaqları, iclas zalları, texnoloji və sosyal imkanlar yaradılıb. İnanıram ki bu rahat şəraitdə, şirkətimiz və ölkələrimiz üçün daha böyük və uğurlu addımlar atacaq, Azərbaycan və Türkiyə üçün daim çalışacaqsınız.

Ölkələrimizə və onların ortaq gələcəyinə inamımız sarsılmazdır. Tarix üçün qısa bir zaman dilimində qardaş Türkiyədə gördüyümüz bu işlər parlaq gələcəyə böyük inamımızın bariz ifadəsidir”,-SOCAR prezidenti vurğulayıb.

R. Abdullayev qeyd edib ki, Türkiyədəki bütün layihələr şirkət üçün xüsusi önəm daşıyır: “SOCAR-ın hələ uzun illər boyunca Azərbaycan və Türkiyə iqtisadiyyatlarına xidmət etməsini arzulayırıq və bu istiqamətdə məqsədyönlü tədbirlər görməyə davam edəcəyik.Bu gözəl binanın ərsəyə gəlməsində əməyi keçən, zəhməti olan hərkəsə təşəkkür edir, açılış münasibətilə təbrik edirəm. İnanıram ki, bu bina Azərbaycan investisyalarının mərkəzi olmaqla yanaşı, iki qardaş ölkə arasında daima artan iqtisadi və mədəni işbirliyinin də mərkəzi olacaq”.