Azərbaycan və Rusiya sahibkarları kiçik biznes sahəsində əməkdaşlıq edəcək


İqtisadiyyat 14 May 2018 22:51:18 334 0

Azərbaycan və Rusiya sahibkarları kiçik biznes sahəsində əməkdaşlıq edəcək

İki ölkə arasında bu barədə memorandum imzalanıb

Rusiyanın Kiçik və Orta Sahibkarlığın İnkişafı Korporasiyası (KOSK) Azərbaycanla kiçik və orta biznesin ən yaxşı inkişaf təcrübəsi mübadiləsi üzrə davamlı əməkdaşlıq qurmağı planlaşdırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə korporasiyanın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bunun üçün KOSK və Azərbaycanın Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi (KOSİA) arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədə Rusiya tərəfindən KOSK-ın baş direktoru Aleksandr Braverman, Azərbaycan tərəfdən isə KOSİA-nın icraçı direktoru Orxan Məmmədov imza atıb.

"Memorandum çərçivəsində tərəflər maliyyə və zəmanət, informasiya və marketinq dəstəyi daxil olmaqla, KOS seqmentinin inkişafının əsas istiqamətləri üzrə təcrübə mübadiləsinin aparılması və ən yaxşı təcrübələr sahəsində uzunmüddətli əməkdaşlıq qurmağı planlaşdırırlar. Bundan əlavə, tərəflər həmçinin hər iki dövlətin biznes dairələri arasında əməkdaşlığın qurulması və qarşılıqlı məsləhətləşmələrin aparılmasına yardım etmək niyyətində olduqlarını ifadə ediblər", - deyə məlumatda qeyd olunur.

Korporasiya əlavə edib ki, həmçinin Rusiya və Azərbaycan sahibkarları arasında yüksək texnologiyalar sahəsində layihələrin inkişaf etdirilməsi daxil olmaqla, kiçik və orta biznes sahələrində Rusiya ilə Azərbaycan arasında birgə layihələrin yaradılması və inkişafını təşviq etmək niyyəti var.