TANAP-ın açılış tarixi dəyişdirilib


İqtisadiyyat 11 May 2018 12:58:28 273 0

TANAP-ın açılış tarixi dəyişdirilib

Boru kəməri əvvəl nəzərdə tutulandan tez istismara veriləcək

Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) iyunun 12-dəistismara veriləcək.

“Report” Türkiyə mətbuatınaistinadən xəbər verir ki, bu barədə ölkənin energetika və təbii sərvətlər naziri Berat Albayrak bildirib.

Onun sözlərinə görə, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.

Qeyd edək ki, bundan öncə TANAP-ın istismara verilməsi ilə bağlı mərasimin iyunun 19-da keçiriləcəyi bildirilmişdi. Daha əvvəl isə TANAP-dan Türkiyəyə ilk qaz verilişinin iyulun ilk həftəsində olacağı planlaşdırılmışdı. Lakin Türkiyədə seçkilərin (Prezident və Parlament) vaxtından əvvəl keçirilməsinə görə TANAP-ın istismara verilməsi ilə bağlı mərasimin də vaxtı dəyişdirilib.

Xatırladaq ki, TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.

TANAP-ın təməli 2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə qoyulub. Boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin 6 mlrd. kubmetri Türkiyəyə, qalan 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Əskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını BOTAŞ şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir.

Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1340 km təşkil edir. Türkiyəyə qaz bu çıxış nöqtəsindən veriləcək.

Avropaya qaz veriləcək Faza-1 adlandırılan hissənin (Əskişəhərdən Avropaya qədər olan hissə) isə diametri 48 düym, uzunluğu 476 km-dir. Faza-1 2019-cu ilin sonuna Avropa üçün qazı qəbul etməyə hazır olacaq.