Beyləqanın Birinci Şahsevən kəndinə təbii qaz verilib - FOTO - VİDEO


İqtisadiyyat 28 Mar 2018 09:45:00 237 0

Beyləqanın Birinci Şahsevən kəndinə təbii qaz verilib - FOTO - VİDEO

Kənd ərazisində 1641 abonent üçün qaz sayğacı quraşdırılıb

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən tədbirlər davam etdirilir.

Bu ilin martın 17-də isə daha bir yaşayış məntəqəsinə - Beyləqan rayonunun Birinci Şahsevən kəndinə təbii qaz verilib.

Tərtər Regional Qaz İstismar İdarəsinin Beyləqan rayonu üzrə təmir-bərpa xidmətinin rəisi Cəmil Həsənov “Report”un Qarabağ bürosuna bildirib ki, Şahsevən kəndində bütün daşıyıcı xətlər sınaqdan keçirilib və yaşayış məntəqəsinin sakinlərinə təbii qaz verilib: “Şahsevən kəndində “Azəriqaz” İstehslat Birliyi ilə müqavilə bağlayan sakinlərə təbii qaz verilib. Artıq kəndin 95 faizi təbii qazla təmin edilib. Müqavilə bağlamayan sakinlərə qazdan istifadə qaydaları öyrədiləcək və təlimatlar veriləcək. Müqavilə bağlandıqdan sonra isə təbii qazla təmin ediləcəklər”.

Qeyd edək ki, Şahsevən kəndi ərazisində 1641 abonent üçün qaz sayğacı quraşdırılıb.Kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 172 091 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici qurğular quraşdırılıb.