SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi: “May ayında 100 mininci sertifikatı təqdim etməyə hazırlaşırıq” - MÜSAHİBƏ


İqtisadiyyat 27 Mar 2018 17:01:20 380 0

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi: “May ayında 100 mininci sertifikatı təqdim etməyə hazırlaşırıq” - MÜSAHİBƏ

Bu regionda ən yüksək göstəricidir

“Report” agentliyi neft sənayesi və ölkənin digər sənaye sahələri üçün yüksək ixtisaslı kadrların hazırlanması, peşələr üzrə təlim-tədrisin beynəlxalq standartların tələbləri səviyyəsində qurulması, sənayenin və cəmiyyətin ehtiyaclarını ödəyən yüksək keyfiyyətli təlimlərin təşkili və digər işləri həyata keçirən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanovla müsahibəni təqdim edir:

-Fuad müəllim, əvvəlcə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi, İdarənin tərkibindəki Təlim Tədris Mərkəzləri barədə məlumat verməyinizi istərdik. Bu mərkəzlərdə hansı istiqamətləri əhatə edən təlimlər keçirilir? Hansı imkanlar mövcuddur?

Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi (TTSİ) SOCAR prezidenti Rövnəq Abdullayevin əmri ilə 2011-ci ildə yaradılıb.

Hazırda İdarənin tərkibində 5 mərkəz - Kadr hazırlığının təşkili Mərkəzi, Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzi, Qobustan Regional Təlim Mərkəzi, Sumqayıt Təlim, Tədris Mərkəzi və “Qala” Təlim-Tədris Mərkəzi fəaliyyət göstərir. Təbii ki, hər bir mərkəz spesifik cəhətlərə malikdir, yəni bir-birini təkrarlamır.

Kadr hazırlığının təşkili Mərkəzi ilk mərkəzdir. Bu mərkəz 2007-ci ildə yaradılıb. Bu ilk mərkəz həmin vaxt SOCAR-ın yeganə təlim mərkəzi idi. Bu Mərkəzdə yeni fəhlə kadrlarının hazırlığı ilə yanaşı, SOCAR-ın müəssisələrində çalışan mühəndis-texniki işçilər üçün ixtisasartırma, maarifləndirmə və təkmilləşdirmə kursları fəaliyyət göstərir.

Sumqayıt Təlim, Tədris Mərkəzində əsasən “Azərikimya” İstehsalat Birliyinin, Karbamid və “SOCAR Polymer” zavodlarının sifarişləri həyata keçirilir. Burada qeyd olunan müəssisələr üçün müvafiq ixtisaslara malik peşəkar fəhlə kadrları hazırlamışıq.

Qobustan Regional Təlim Mərkəzi ən yüksək beynəlxalq standartlara malik təlim mərkəzidir. Burada peşəkar fəhlə kadrları hazırlanır. Biz bu Mərkəzdə dünyanın ən müasir avadanlıqlarını qurmuşuq.Mərkəzdəki qazma simulyatoru eyni vaxtda həm qazmaçı, həm də qazmaçı köməkçisi hazırlayır. Bu simulyator dünyanın ən aparıcı qazma məktəblərindəki simulyatorlardan da üstündür və ən son modeldir.

Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzi regionda unikal mərkəzdir. Burada həm Beynəlxalq Dəniz Təşkilatının (IMO), həm də Böyük Britaniyanın Dəniz Neft-Qaz Sənayesi üzrə Təlim Təşkilatının (OPITO) standartlarının tələbləri əsasında dənizdə insan həyatının mühafizəsi ilə bağlı geniş təlimlər keçirilir.

“Qala” Təlim Tədris Mərkəzində fövqəladə vəziyyətlərdə idarəetmə, mühafizə işinin təşkili, mühafizənin idarə olunması ilə bağlı həm maarifləndirici, həm də ixtisasartırma kursları keçirilir.

İSO beynəlxalq standartlarının tətbiqi, müəssisələrdə onların vaxtaşırı audit olunması, metodiki rəhbərliyin həyata keçirilməsi bizim müəssisəmizin üzərinə düşən vacib məsələlərdən biridir. Azərbaycan Prezidentinin neft kapitalını insan kapitalına çevirmək məsəli SOCAR-da uğurla həyata keçirilir və bunu da uğurla həyata keçirən təşkilatlardan biri də bizik. Biz SOCAR-da çalışan bütün mütəxəssislərin biliklərinin vaxtaşı artırılması, neft kapitalından istifadə etməklə insan kapitalının formalaşdırılması üçün addımlar atırıq. Bu, həm beynəlxalq aləmdə, həm də Azərbaycanda qiymətləndirilir. İldə ən azı 15 minə yaxın insan bizim təlim mərkəzlərinə gəlir.

Bəs təlimlər hansı beynəlxalq təşkilatların standartlarına uyğun aparılır?

Mərkəzlərimizdə keçirilən təlimlər beynəlxalq akkreditasiyalıdır, bu işlər beynəlxalq səviyyədə qurulub. Biz dünyanın məşhur akkreditasiya və inspeksiya şirkətlərinin beynəlxalq standartlarına layiq görülmüşük. Belə ki, buradakı təlim kursları dünyanın aparıcı inspeksiya və sertifikatlaşdırma qurumlarından biri olan Fransanın “Bureau Veritas” şirkəti tərəfindən akkreditə olunub. Biz həm də Böyük Britaniyanın OPITO standartlarına layiq görülmüşük.

SOCAR-da əməyin təhlükəsizliyi, insan amili, onun sağlamlığının qorunması prioritet məsələdir. Bu sahədə də Böyük Britaniyanın dünyaca məşhur Sağlamlıq və Əməyin Təhlükəsizliyi İnstitutunun (İOSH) təlim lisenziyasını qazanmışıq.

Bildiyiniz kimi, SOCAR-da müxtəlif obyektlərdə qaynaq konstruksiyaları inşa edilir. Həmin qaynaqları inşa edən qaynaqçıların attestasiyası, onların bilik və bacarıqlarının yoxlanılması İdarədə həyata keçirilir. İldə burada ən azı 1 000 nəfərdən çox qaynaqçı beynəlxalq standartların tələblərinə uyğun akkreditasiya olunur. Hazırda idarəmizdə müxtəlif təşkilat, müəssisə və fərdi müraciətlər əsasında qaynaqçıların 7 müxtəlif metod üzrə sertifikatlaşdırılması həyata keçirilir. Qaynaqçılara SOCAR və ya Türk Akkreditasiya Qurumu (TÜRKAK) logolu sertifikatlar təqdim olunur.

Mexaniki və fiziki sınaq laboratoriyalarımız da mövcuddur ki, qaynağın həm təxribatlı, həm təxribatsız, dağıdıcı və qeyri-dağıdıcı metodlarla yoxlanılması həyata keçirilir. Bu yaxınlarda Almaniyanın məşhur “Technischer Überwachungs-Verein (TÜV) Thüringen e.V” şirkəti qaynaq laboratoriyalarımızı yoxladı və bizi akkreditə etdi. Bu da onu göstərir ki, bizim beynəlxalq səviyyədə fəaliyyət göstərməyə malik qaynaq mərkəzlərimiz mövcuddur. Bu da 2018-ci ildə ilk uğurlarımızdan biri oldu.

-İdarənin mərkəzlərində ümumilikdə neçə təlim keçirilir?

Bizdə 400-dən çox təlimlər keçirilir.

-Azərbaycanda fəaliyyət göstərən hansı şirkətlərlə əməkdaşlıq edirsiniz? Hansı şirkətlərdən sifarişləriniz olur?

Biz, SOCAR-ın tabeçiliyində olan müəssisələrlə yanaşı, Azərbaycanda fəaliyyət göstərən müxtəlif müştərək və xarici neft şirkətləri ilə sıx əlaqə qurmuşuq. Qobustan Regional Təlim Mərkəzində BP, “BosShelf” və digər şirkətlər sifarişçilərimiz olub. Ümumilikdə, 45-ə yaxın kənar təşkilatla işləyirik. Əsas sifarişçimiz isə ana şirkətimiz SOCAR-dır, çünki SOCAR ölkədə ən böyük işəgötürəndir. Bundan başqa, fiziki şəxslər də müqavilə əsasında kurslarda iştirak edirlər.

-Maraqlıdır, Təlim Mərkəzlərinizi indiyədək neçə nəfər bitirib?

Bu il 100 mininci dinləyicinin kursdan keçirilməsi gözlənilir. Bu da regionda ən yüksək göstəricidir. 100 mininci sertifikatı may ayında təqdim etməyə hazırlaşırıq.

-Fuad müəllim, bəs mərkəzlərdə dərs keçən təlimçilər necə təkmilləşdirilir? Müəllim heyəti də beynəlxalq kurslar keçirmi?

Kadr hazırlığı ilə bağlı müəllim heyəti də daim özünü təkmilləşdirir. İdarəmiz mütəxəssislərinin beynəlxalq kurslara cəlb olunmasına ciddi önəm verir. Bizim müəllim heyətinin beynəlxalq sertifikatlara layiq görülməsi üçün vaxtaşırı xaricdəki məşhur təlim şirkətlərinə ezam edirik. Əməkdaşlarımız beynəlxalq kurslarda iştirak edir və onların ixtisaslarını artırmaq üçün bir çox işlər görülür. Almaniyada, Böyük Britaniyada böyük şirkətlərlə əməkdaşlıq edirik. Təlimçiyə təlim kursları həyata keçirilir. Bu da təlimçinin bilik və bacarıqlarının, səriştələrinin artırılması üçün vacib şərtlərdən biridir.

-Qeyd etdiniz ki, Karbamid zavodu və “SOCAR Polymer” üçün müvafiq ixtisaslara malik peşəkar fəhlə kadrları hazırlanıb. Bu il həm Karbamid, həm də “SOCAR Polymer”MMC-nin iki zavodu istismara veriləcək. Bu müəssisələr üçün neçə nəfər kadr hazırlanıb?

Karbamid zavodu üçün 146 nəfər, “SOCAR Polymer” üçün 72 nəfər təhsil alıb.

-Mərkəzlərə qəbul necə həyata keçirilir?

Mərkəzlərə qəbul üçün imtahanlar test üsulu ilə aparılır. Aralıq imtahanları İdarənin keyfiyyətə nəzarət şöbəsi həyata keçirir. 25 sualdan 17 sualı düzgün qeyd edən imtahanda müvəffəqiyyət qazanmış hesab olunur. İmtahanın nəticəsi dərhal monitorda qeyd olunur. İmtahanlarımızı həm BP şirkəti, həm də digər şirkətlər monitorinq edib və qeyd ediblər ki, bu sistem mükəmməldir. Heç bir kənar müdaxilə olmur. Proses tam şəffaf şəkildə həyata keçirilir.

-SOCAR-ın prezidenti Rövnəq Abdullayev təlim, tədris mərkəzlərini bitirən gənclərə şirkətə işə qəbul prosesində əlavə üstünlüklər veriləcəyini bildirib. Məzunların işlə təminat göstəricisi necədir?

Bizdə peşəkar fəhlə kadrlarına daim ehtiyac olur. Bizim təlim mərkəzlərini bitirənlər sertifikata yiyələnirlər. Demək olar ki, məzunların hamısı hissə-hissə vakansiya yarandıqca yerləşdirilir. Məzunlar kadr ehtiyatı bazasına yerləşdirilirlər. Vakansiyalar zamanı bu mərkəzləri bitirənlərə ilk növbədə üstünlük verilir. Məzunların ən azı 50%-dən çox hissəsi dərhal vakansiyalar üzrə yerləşdirilir. Digər hissəsi bir il ərzində növbəlilik əsasında yerləşdirilir. Əgər məzun imtina etməsə demək olar ki, biz heç vaxt məzunları kənarda qoymuruq. İnsan Resursları Departamenti bu işə ciddi nəzarət edir.

Təbii ki, namizəd olmadıqda digər namizədlərə baxılır, amma ilk növbədə SOCAR-ın təlim mərkəzlərini bitirən dinləyicilərə işə qəbulda üstünlük verilir.

-Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzindən danışdınız. Bildiyimiz qədər bu mərkəz təkcə Azərbaycanda deyil, regionda dalğıc kadrları hazırlayan yeganə mərkəzdir. Burada başqa hansı kurslar keçirilir?

Mərkəzdə beynəlxalq standartların tələbləri üzrə dalğıc və üzgüçülük istiqamətində 45 adda hazırlıq, ixtisasartırma, təkmilləşdirmə, maarifləndirmə və təlimatlandırma kurslarının təşkili həyata keçirilir. Burada ən azı 4 000 nəfər hazırlanır. Burada dənizdə çalışan bütün neftçilər üçün IMO və OPİTO-nun akkreditasiya etdiyi müxtəlif növlü kurslar keçirilir.

Bu Təlim Mərkəzi OPITO standartlarının tələblərinə uyğun Dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim, batmaqda olan helikopterdən təxliyyə üzrə təlim və dənizdə fövqəladə hallarda davranış üzrə təkrar təlim kurslarının keçirilməsi üçün akkreditiyasiya edilib.

-Dalğıclar üçün qəbul necə həyata keçirilir? Dalğıc hazırlığı üçün ildə neçə sifariş olur?

Dalğıc olmaq istəyən şəxslər İnsan Resursları Departamentində imtahan verərək Mərkəzə daxil olur, sağlamlıqla bağlı müxtəlif yoxlamalar aparılır. Kurslar dörd ay yarım müddəti əhatə edir. Dalğıc kursları üçün sifariş ildə 10 nəfər olur. Dalğıc spesifik, məsuliyyətli və çətin peşədir. Bu peşə dənizdəki neft-qaz obyektləri üçün çox önəmlidir. Bu yaxınlarda “Azneft” İstehsalat Birliyinin sifarişi ilə 10 nəfər dalğıc hazırlıq kurslarını müvəffəqiyyətlə bitirib.

Bizim yüksək səviyyəli mütəxəssislərimiz var və başqa şirkətlər üçün də dalğıclar hazırlamışıq, çünki bizim mərkəz Azərbaycanda və bütün regionda dalğıc hazırlığı ilə məşğul olan yeganə mərkəzdir.