Azərbaycan son 5 ildə Gürcüstan iqtisadiyyatına 3 mlrd. dollar pul qoyub
İqtisadiyyat 12 Mar 2018 16:06:13 224 0
Bunun 482,1 milyon dolları 2017-ci ilin payına düşüb
Bu barədə "Report"un Gürcüstan bürosu ölkənin Milli Statistika Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, təkcə ötən il Gürcüstan iqtisadiyyatına 1 861,9 milyon dollar pul qoyulub. Bunun da 482,1 milyon dolları və yaxud 25,9%-i Azərbaycanın payına düşüb. Hazırda qonşu ölkədə Azərbaycan kapitallı 1 300-ə yaxın şirkət fəaliyyət göstərir. O cümlədən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda uğurla fəaliyyət göstərən xarici şirkətlərdən biridir.
Azərbaycandakı Gürcüstan kapitallı şirkətlərin sayı isə 300-dən çoxdur. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 17% artıb.
Gürcüstana ən çox investisiya qoymuş ölkələrin ilk beşliyinə Azərbaycandan başqa, Türkiyə (279 mln. dollar), Böyük Britaniya (250,4 mln. dollar), Niderland (224,3 mln. dollar) və Çexiya (133,8 mln. dollar) daxildir.
2017-ci ildə Gürcüstanda xarici investisiyalar ən çox nəqliyyat və rabitə, maliyyə, tikinti, energetika və daşınmaz əmlak sektorlarına yatırılıb.