İqtisadiyyat Nazirliyinin şöbə müdiri: BBF ilə GİTA-nın imzaladığı memorandum sahibkarlığın inkişafına müsbət təsir edəcək


İqtisadiyyat 06 Mar 2018 13:02:00 341 0

İqtisadiyyat Nazirliyinin şöbə müdiri: BBF ilə GİTA-nın imzaladığı memorandum sahibkarlığın inkişafına müsbət təsir edəcək

"Hazırda Azərbaycanda ondan artıq aktiv biznes inkubator var"

Bu gün Kiçik və Orta Sahibkarlığın (KOS) inkişafı Azərbaycan dövlət siyasətinin əsas tərkib hissəsidir.

"Report" xəbər verir ki, bunu bunu “Baku Business Factory” (BBF) ilə Gürcüstan İnnovasiya və Texnologiya Agentliyi (GİTA) arasında Əməkdaşlıq Memorandumunun imzalanma mərasimində çıxış edən İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov deyib.

E.İbrahimovun sözlərinə görə, Azərbaycan hökuməti iqtisadiyyatda qeyri-neft sektorunun payını artırmaqda maraqlıdır: "Həyata keçirilmiş sistemli tədbirlər nəticəsində ötən il qeyri-neft sektorunda ÜDM-in payı 2,7% artmış, ÜDM-də qeyri-neft sektorunun payı 62,8%-i təşkil etmişdir. Son 15 il ərzində özəl sektorun ÜDM-də payı 73%-dən 84%-ə yüksəlib. Həmçinin, özəl sektor məşğulluqda da böyük rol oynayır. Hazırda özəl sektorun məşğulluqda payı 75,8%-dir".

Nazirlik rəsmisi Azərbaycanda biznes inkubatorların sürətlə artdığını və onların KOS-ların inkişafına təkan verdiyini deyib:

"Hazırda Azərbaycanda ondan artıq aktiv biznes inkubator var. Onlardan biri də BBF-dir. BBF-in aktiv olması bizi çox sevindirir".

E.İbrahimov həmçinin qeyd edib ki, biznes inkubatorların əksəriyyəti Bakıdadır: "İqtisadiyyat Nazirliyi regionlarda sahibkarlığın inkişafını dəstəkləmək üçün biznes inkubatorlar yaradıb. Həmçinin biznes inkubatorlar arasında əlaqələri təkmilləşdirmək üçün İqtisadiyyat Nazirliyində əlaqələndirici komissiya da yaradılıb".

İqtisadiyyat Nazirliyinin şöbə müdiri bu gün imzalanan memorandumun BBF və GİTA-nın imkanlarından qarşılıqlı istifadə edərək, start up dəstəklənməsi ilə sahibkarlıq sahəsinin inkişafına müsbət təsir edəcəyinə əmin olduğunu vurğulayıb.