Beynəlxalq təşkilatlar: Azərbaycanı iqtisadiyyatı daha çox diversifikasiya olunmalıdır


İqtisadiyyat 22 Fev 2018 10:03:02 241 0

Beynəlxalq təşkilatlar: Azərbaycanı iqtisadiyyatı daha çox diversifikasiya olunmalıdır

ADB və WB Azərbaycan iqtisadiyyatının 2018-ci ildə inkişafı ilə bağlı proqnozlarını artırıb

"Neftlə zəngin Azərbaycan iqtisadi artım mənbələrinin diversifikasiyasında və biznesin aparılması şərtlərinin yaxşılaşdırılmasında müəyyən uğurlar əldə edib. Lakin Azərbaycan daha çox iş görməlidir". "Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bu açıqlamanı Dünya Bankı (WB) və Asiya İnkişaf Bankı (ADB) verib.

Açıqlamada bildirilir ki, Azərbaycanın gəlirlərinin 75%-ni, ÜDM-in isə 45%-ni təşkil edən neftin qiymətinin düşməsi səbəbindən ölkə iqtisadiyyatı ciddi zərər görüb. Ötən il iqtisadiyyat neft qiymətlərinin yüksəlməsi, xidmətlər sahəsinin genişlənməsi və kənd təsərrüfatının inkişafı sayəsində 0,1% artım göstərərək sabitləşib.

"Daha çox iş görülməlidir. Hökümət qeyri-neft sektorlarının inkişafının stimullaşdırılması üçün tədbirlər görür. Lakin Azərbaycanda siyasi rəsmilər diversifikasiyadan danışanda, kənd təsərrüfatı və xidmət sektorunun yaxşılaşdırılmasından bəhs edirlər", - deyə Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Navid Hassan Naqvi "Reuters"ə müsahibəsində bildirib.

Qeyd edək ki, Dünya Bankı 2018-ci ildə Azərbaycan iqtisadiyyatının 1-1,5% artacağını proqnozlaşdırır.

N.Naqvi həmçinin bildirib ki, son 18 ayda Azərbaycanın biznes mühitində, o cümlədən xarici vətəndaşlara vizaların verilməsində sadələşdirmələr müşahidə olunub.

ADB-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Nariman Mannapbekov isə Azərbaycanın kənd təsərrüfatı sektorunda görülən tədbirləri, vergi və gömrük sahəsində aparılan struktur islahatlarını yüksək qiymətləndirib: "Gömrük sənədləşdirməsi, rüsumlarım elektron ödənişi, lisenziyaların alınması müddətinin azaldılmasında yaxşı inkişaf görürük".

ADB iri dövlət müəssisələrində korporativ idarəetmənin möhkəmləndirilməsinin iqtisadiyyat və onun diversifikasiyası üçün müsbət addım olacağını qeyd edir.

Bank ötən ilin sentyabr ayında Azərbaycan iqtisadiyyatının 2018-ci ildə 1% artacağı ilə bağlı proqnoz verib.