Azərbaycanın maliyyə sektorunda işçilərin sayı azalmağa davam edir


İqtisadiyyat 19 Fev 2018 12:57:12 226 0

Azərbaycanın maliyyə sektorunda işçilərin sayı azalmağa davam edir

Son üç ildə bu sahədə çalışanların ümumi sayı 7,2 min nəfər azalıb

Azərbaycanda maliyyə və sığorta sektorunda muzdla çalışan işçilərin ümumi sayı 2017-ci il ərzində 5,2% və ya 1,3 min nəfər azalaraq 2018-ci il yanvarın 1-nə 23,7 min nəfər təşkil edib.

“Report”un rəsmi statistikaya istinadən verdiyi xəbərə görə, işçilərin 4,5 min nəfəri və ya 19%-i dövlət, 19,2 min nəfəri və ya 81%-i özəl sektorda çalışıb.

Bildirək ki, bu sahədə çalışan işçilərin sayı 2005-ci ildəki 11,8 min nəfərdən 2014-cü ildə 30,9 min nəfərədək yüksəlib, daha sonra azalmağa başlayaraq 2015-ci ildə 30,1 min nəfər, 2016-cı ildə 25 min nəfər olub.

Qeyd edək ki, cari il yanvarın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı ilkin məlumatlara əsasən 1 521,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 880,1 min nəfər, qeyri-dövlət sektorunda isə 641,2 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 33,9 min nəfər, qeyri-neft sektorunda isə 1 487,4 min nəfər çalışıb.