"Azərbaycan Kredit Bürosu" bütün zəruri lisenziyaları alıb - ƏLAVƏ OLUNUB


İqtisadiyyat 09 Fev 2018 16:00:00 304 0

"Azərbaycan Kredit Bürosu" bütün zəruri lisenziyaları alıb - ƏLAVƏ OLUNUB

Artıq bank və bank olmayan kredit təşkilatları ilə ikitərəfli müqavilələr də imzalanıb

“Azərbaycan Kredit Bürosu” MMC fəaliyyətə başlamaq üçün lazımi lisenziyaları əldə edib.

“Report” xəbər verir ki, bunu Büronun baş direktoru Elçin Həbibov deyib.

“Hazırda Büronun mərkəzi ofisinin, texniki platformasının formalaşdırılması prosesi gedir. Bank və bank olmayan kredit təşkilatları ilə ikitərəfli müqavilələr imzalanıb. Bu işlər yekunlaşandan sonra “Azərbaycan Kredit Bürosu” kredit məlumatlarının toplanmasına, təhlilinə başlayacaq”, - deyə o, qeyd edib.

E.Həbibovun sözlərinə görə, Büro Maliyyə Bazarlarına Nəzarət Palatası yanında Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) ilə müqayisədə daha keyfiyyətli xidmətlər göstərəcək. Üstəlik, onun məlumat dairəsi daha geniş olacaq: “Gələcəkdə Büroya məhkəmələrdə olan borc mübahisələri, eləcə də cərimələrlə bağlı məlumatların da ötürülməsi nəzərdə tutulub”.

***

“Azərbaycan Kredit Bürosu” MMC fəaliyyətə başlamaq üçün həm Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP), eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) lisenziyalar alıb. Bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

“Büroya texniki baxımdan nəzarəti NRYTN həyata keçirəcək. Burada söhbət fərdi məlumatların toplanması sisteminin tətbiqindən gedir. Amma maliyyə qurumu kimi ona MBNP nəzarət edəcək”, - deyə o, qeyd edib.