Azərbaycanda kommersiya banklarının xarici öhdəlikləri 8% azalıb


İqtisadiyyat 02 Fev 2018 16:18:45 282 0

Azərbaycanda kommersiya banklarının xarici öhdəlikləri 8% azalıb

Dollar ekvivalentində isə öhdəliklər 113 mln. geriləyib

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin ümumi həcmi 2018-ci il yanvarın 1-nə 2 308,3 mln. manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, dekabrın 1-nə olan göstərici ilə müqayisədə 192,7 mln. manat və ya 7,7% azdır. Keçən ilin əvvəli ilə müqayisədə isə kommersiya banklarının xarici öhdəlikləri 3,13 dəfə azalıb.

"Report"un analitik qrupu bildirir ki, kommersiya banklarının xarici öhdəliklərinin kəskin azalması Azərbaycan Beynəlxalq Bankının (ABB) 2,266 mlrd. ABŞ dolları (3,85 mlrd. manat) həcmində xarici öhdəliklərinin hökumətə ötürülməsi səbəbindən baş verib. Nəticədə dollar ekvivalentində xarici öhdəliklər yanvarın 1-nə 1 357,7 mln. dollar təşkil edib. Bu göstərici dekabrın 1-nə 1 471 mln., noyabrın 1-nə 1 500 mln., oktyabrın 1-nə 1 592 mln., sentyabrın 1-nə 3 779,1 mln. dollar olub. Yəni dollar ekvivalentində bank sektorunun xarici öhdəlikləri aylıq müqayisədə 113,3 mln. dollar azalma göstərib. 

Qeyd edək ki, kommersiya banklarının xarici öhdəliklərinin rekord həddi 2017-ci il fevralın 1-də qeydə alınıb və 8 071,7 mln. manat və ya 4 211,7 mln. dollara bərabər olub.