Sabah Cocuq Mərcanlıda yem emalı və toxum təmizləmə müəssisəsi açılacaq


İqtisadiyyat 01 Fev 2018 16:38:25 354 0

Sabah Cocuq Mərcanlıda yem emalı və toxum təmizləmə müəssisəsi açılacaq

Bu, 4 kəndin 3100-dən çox sakinin vaxtına, puluna və enerjisinə qənaət etməyə kömək edəcək

Sabah Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yem emalı və toxum təmizləmə müəssisəsinin açılışı olacaq. 

Bu barədə "Report"a ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib. 

Məlumata görə, layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə Azərbaycan hökuməti tərəfindən birgə maliyyələdirilib və Şərq-Qərb İdarəçilik İnstitutu (EWMI) tərəfindən həyata keçirilib.

Bu müəssisə Cocuq Mərcanlı və ətraf kəndlərin sakinlərinə mal-qara üçün yem hazırlamağa kömək edəcək. Müəssisə Cocuq Mərcanlı və ətraf üç kəndin maldarlıq və kənd təsərrüfatı ilə məşğul olan 3100-dən çox sakinin vaxtına, puluna və enerjisinə qənaət etməyə kömək edəcək.

Qeyd edək ki, 2011-ci ildən ABŞ və Azərbaycan 100 müxtəlif icmada 113 icma infrastruktur layihəsi həyata keçiriblər. Bu layihələrdən məcburi köçkünlər də daxil olmaqla 183 minə yaxın insan faydalana bilir. ABŞ 2003-cü ildən məcburi köçkün uşaqlarına da xidmət edən 16 məktəb tikintisinə və məcburi köçkünlərin yaşadığı icmalarda 3 su layihəsinə 5.5 milyon ABŞ dolları xərcləyib. Bu günə qədər ABŞ hökuməti Azərbaycanda məcburi köçkünlərə yönəlik yardıma 125 milyon dollardan artıq vəsait xərcləyib.