Ötən il Azərbaycana gələn xarici vətəndaşların sayı 20% artıb


İqtisadiyyat 08 Yan 2018 17:32:44 243 0

Ötən il Azərbaycana gələn xarici vətəndaşların sayı 20% artıb

Onların arasında İran, BƏƏ, Rusiya və Səudiyyə Ərəbistanı vətəndaşları üstünlük təşkil edib

Son 5 illə müqayisədə 2017-ci ildə ölkəyə gələn xarici vətəndaşların sayında artım müşahidə edilib.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

2016-cı illə müqayisədə 2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların sayı 449 215 (20%) nəfər artaraq 2 691 998 nəfər olub. Bu da indiyə qədər müşahidə edilmiş ən yüksək göstəricidir.

Onlardan 853 082 nəfəri Rusiya Federasiyası, 537 710-u Gürcüstan, 362 597-si İran, 301 553-i Türkiyə, 102 360-ı Birləşmiş Ərəb Əmirlikləri, 62 454-ü İraq, 57 756-sı Ukrayna, 33 273-ü Səudiyyə Ərəbistanı, 381 213-ü isə digər ölkələrin vətəndaşları olub. Xarici vətəndaşlar daha çox iyul ayında gəlib, bu da 313 515 nəfər olub.

Ötən il ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, İran, Türkiyə və BƏƏ vətəndaşlarının xüsusi çəkisi daha çox olub və müvafiq olaraq 31,6 faiz, 19.9 faiz, 13.4 faiz, 11.2 faiz və 3.8 faiz təşkil edib.

2017-ci ildə əsas artım tempi göstərən ölkələr İran, BƏƏ, Rusiya və Səudiyyə Ərəbistanı olub.

2016-cı illə müqayisədə 2017-ci ildə Səudiyyə Ərəbistanından 4.5 dəfə, Omandan 7.4 dəfə, BƏƏ-dən 1.9 dəfə, İrandan 1.4 dəfə, Hindistandan 2.3 dəfə çox xarici vətəndaş gəlib. Lakin Türkiyədən Azərbaycana gələnlərin sayında 11 790 nəfər azalma müşahidə edilib, ancaq Avropa, Körfəz və Yaxın Şərq, Asiya, Afrika, Amerika regionu üzrə gələnlərin sayında artım olub.