"Report": Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5


İqtisadiyyat 08 Yan 2018 10:33:31 290 0

"Report": Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5

İnvestorların əsas diqqəti ABŞ-ın inflyasiya göstəricisində olacaq

Qlobal maliyyə bazarı üçün 8-12 yanvar həftəsinin ən vacib qlobal iqtisadi xəbərləri ABŞ, Böyük Britaniya və Çində açıqlanacaq.

"Report"un analitik qrupu həftənin dünya maliyyə bazarına təsir edə biləcək ən vacib 5 iqtisadi xəbəri müəyyənləşdirib:

1) Yanvarın 10-da Bakı vaxtı ilə saat 17:30-da ABŞ-da dekabr ayının inflyasiya göstəricisi açıqlanacaq. Analitiklərin fikrincə, istehlak qiymətlərinin artımı və baza inflyasiya 0,2%, illik inflyasiya isə 1,7% olacaq. Həmçinin, yanvarın 12-də ABŞ-da dekabr ayı üzrə pərakəndə satışın həcmi, istehsalçı qiymətləri indeksi, idxal qiymətləri indeksi kimi önəmli göstəricilər açıqlanacaq. Pərakəndə satışın 0,5% artması gözlənilir. Əgər artım proqnozlardan daha yüksək olarsa, bu, iqtisadiyyatın artım sürətinin yüksəlməsi anlamına gələcək;

2) Həftə ərzində FED-in Minneapolis, Çikaqo, Nyu-York, Boston, Atlanta, Sent-Luis və San-Fransisko regional şöbələrinin rəhbərlərinin çıxışları gözlənilir. Analitiklər yanvar ayında FED-in keçirəcəyi növbəti iclasında uçot dərəcəsini artıracağını gözləmirlər;

3) Yanvarın 9-da Bakı vaxtı ilə saat 12:30-da Böyük Britaniya Statistika İdarəsi (ONS) emal sənayesində istehsalın həcmini açıqlayacaq. Analitiklər bu göstəricinin 0,3% artacağını proqnozlaşdırırlar. Bununla yanaşı, sənaye istehsalı artım göstəricisi açıqlanacaq ki, bu göstəricinin də 0,4% olması gözlənilir;

4) Yanvarın 9-da Bakı vaxtı ilə saat 07:00-da Çində dekabr ayının ticarət balansı açıqlanacaq. Analitiklər ixracın 9,1%, idxalın isə 13% artacağını ehtimal edirlər. Yanvarın 11-də Çində dekabr inflyasiyası açıqlanacaq. Ehtimallar illik göstəricinin 1,9% olacağını göstərir;

5) Həftə ərzində ABŞ fond birjalarında qeydiyyatı olan bir sıra önəmli şirkət və bankların rüblük hesabatları açıqlanacaq. Bunların arasında "JPMorgan" bankı, "BlackRock" dünyanın ən iri investisiya şirkətlərindən biri kimi önəmli müəssisələr də var.