"Rystad Energy": Kəşf edilən neft ehtiyatlarının həcmi son 70 ilin minimumuna enib


İqtisadiyyat 29 Dek 2017 19:32:39 373 0

"Rystad Energy": Kəşf edilən neft ehtiyatlarının həcmi son 70 ilin minimumuna enib

Neft-qaz ehtiyatlarının bərpa əmsalı 11%-ə enib

Neft bazarında vəziyyət son zamanlar yaxşılaşsa da, buna səbəb əsas neft hasilatçısı olan ölkələrin hasilatı məhdudlaşdırmaları olub. Ümumiyyətlə, neft bazarı iştirakçıları ehtiyatlı davranmağa davam edirlər.

"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu açıqlamanı Norveçin "Rystad Energy" neft-qaz sektoru üzrə araşdırma və konsaltinq şirkəti verib.

"Rystad Energy" analitikləri bildiriblər ki, neft qiymətlərinin bərpa olunması və sabit konyunktura baxmayaraq, neft-qaz sektorunda investisiya fəallığı çox aşağıdır. Son əldə olunan məlumatlara əsasən, artıq narahat olmaq vaxtıdır. Belə ki, 2017-ci ildə yeni kəşf olunan neft ehtiyatlarının həcmi 7 mlrd. barel təşkil edib. Bu, son 70 ilin ən aşağı göstəricisidir. Əksər yataqlar Meksikada, Seneqalda və Qayanada aşkar edilib. Analitiklər qeyd ediblər ki, ən çox narahatverici amil odur ki, neft və qaz ehtiyatlarının bərpası əmsalı bu il 11%- təşkil edib: "Bu göstərici 2012-ci ildə 50% olub. Son dəfə əmsal 2006-cı ildə 100% olub ki, buna da səbəb Türkmənistanda "Qalkınış" yatağının kəşf edilməsi olub".

"Rystad Energy"nin hesabatında həmçinin bildirilib ki, mənfi dinamika nəinki kəşf olunan ehtiyatların həcmində, o cümlədən hər yatağa düşən kəşf olunan ehtiyatların həcmində müşahidə olunur. Bu göstərici 2012-ci ildə 150 mln. barel/yataqdan 2017-ci ildə 100 mln barel/yatağa enib. Şirkətin analitiklərinin fikrincə, sadalanan göstəricilər layihələrin kommersiya cazibliyinə mənfi təsir edə bilər və 1 mlrd. barelə yaxın neft hasil olunmamış qala bilər.