2018-ci il qlobal iqtisadiyyatda sərt monetar siyasət ili ola bilər


İqtisadiyyat 27 Dek 2017 19:31:16 280 0

2018-ci il qlobal iqtisadiyyatda sərt monetar siyasət ili ola bilər

Növbəti ildə dünya iqtisadiyyatının 4%-dən çox artacağı proqnozlaşdırılır

Qlobal iqtisadiyyat 2011-ci ildən sonra ən dinamik artım dövrünü yaşayır. "Citigroup" və "JPMorgan" bankları 2018-ci ildə inkişaf etmiş ölkələrdə orta uçot dərəcəsinin ən azı 1%-ə çatacağını və bunun 2006-cı ildən etibarən ən geniş ölçülü sərtləşdirmə olacağını bildirir. 

"Report", "Bloomberg Economics"ə istinadən xəbər verir ki, Mərkəzi Banklar 2018-ci ilin sonunda monetar stimullaşdırma proqramlarını bu ilin sentyabr ayı ilə müqayisədə 7 dəfə azaldaraq 18 mlrd. dollara endirəcək. 2019-cu ilin əvvəlində isə bu göstərici "mənfi" olacaq. Yəni, Mərkəzi Banklar balanslarını azaltmağa başlayacaqlar.

"Citigroup"un aparıcı iqtisadçısı İbrahim Rəhbərinin sözlərinə görə, 2018-ci il tam mənalı monetar sərtləşdirmə ili olacaq: "2018-ci ilin sonu və 2019-cu il isə monetar siyasətlərin dünya iqtisadiyyatını mürəkkəbləşdirdiyi dövr olacaq".

"Citigroup" 2018-ci ildə ABŞ və Kanadanın 3 dəfə, Avstraliya, Yeni Zelandiya, İsveç və Norveçin bir dəfə faiz artıracağını proqnozlaşdırır. "JPMorgan" isə ABŞ-ın Federal Rezerv Sisteminin (FED) 2018-ci ildə uçot dərəcəsini 4 dəfə artıracağını ehtimal edir. Buna səbəb kimi, dünya iqtisadiyyatında növbəti il gözlənilən 4%-lik iqtisadi artım göstərilir. Avropa Mərkəzi Bankı (ECB) və Yaponiya Mərkəzi Bankından (BoJ) isə 2018-ci ildə faiz artımı gözlənilmir.