"Report": Bu ilin son 2 həftəsi maliyyə bazarları üçün volatil keçə bilər


İqtisadiyyat 16 Dek 2017 12:24:51 267 0

"Report": Bu ilin son 2 həftəsi maliyyə bazarları üçün volatil keçə bilər

Dolların möhkəmlənməsi, qızılın və fond indekslərinin ucuzlaşması gözlənilir

2017-ci ilin son iki həftəsi maliyyə bazarları üçün volatil keçə bilər. "Report"un analitik qrupu bildirir ki, bəzi aktivlərin qiyməti il ərzində həddindən artıq yüksəldiyindən investisiya fondları öz mənfəətlərini reallaşdırmaq üçün bu aktivlərin satışına başlaya bilər.

Analitik qrup qiyməti həddindən artıq yüksələn aktivlər arasında avro, qızıl, funt sterlinq, ABŞ fond birjaları, Avropa fond birjaları, Türkiyə fond birjasını xüsusi qeyd edir. Xatırladaq ki, bu həftə ABŞ Konqresində vergi islahatları ilə bağlı qanun layihəsi üzrə son səsvermə keçirildikdən sonra sənəd imzalanmaq üçün Prezidentə təqdim olunacaq. Daha öncə, Senat və Nümayəndələr Palatasında təsdiqlənən layihədə mənfəət vergisinin 35%-dən 21%-ə endirilməsi nəzərdə tutulub.

Analitiklər vergi islahatları qanununun Konqresdən rahatlıqla keçəcəyini, bu xəbərin dolların məzənnəsini yüksəldəcəyini, ABŞ və digər ölkələrin fond birjalarının isə düşməsinə səbəb olacağını ehtimal edir. Qızılın qiymətinin isə ilin əvvəli ilə müqayisədə 9% baha satıldığını, FED-in faiz artırmağa davam etməsinin bu aktivin qiymətinə mənfi təsir edəcəyi proqnozlaşdırılır.

Analitik qrup USD/EUR məzənnəsinin 1,14, USD/GBP-nin 1,28, qızılın 1 200 dollar/unsiya, fond birjalarının isə 10% ucuzlaşa biləcəyini bildirir.