ABŞ-da neft hasilatı yeni rekord həddə çatıb


İqtisadiyyat 14 Dek 2017 12:11:10 222 0

ABŞ-da neft hasilatı yeni rekord həddə çatıb

Bu səbəbdən qiymətlərin tezliklə daha da enməsi gözlənilir

ABŞ-da 2-8 dekabr həftəsində neft ehtiyatları kəskin azalma göstərib.

"Report" xəbər verir ki, bu məlumatı ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyi (EİA) həftəlik hesabatında yayıb.

Hesabatda bildirilir ki, təhlil olunan dövr ərzində ABŞ-dakı neft ehtiyatları 5,1 mln. barel və ya 1,14% azalaraq 443 mln. barelə düşüb. Qeyd edək ki, analitiklər ehtiyatların 2,9 mln. barel azalacağını ehtimal edirdilər. Xatırladaq ki, neft ehtiyatları ötən həftə 5,6 mln. barel azalma göstərib.

Bununla yanaşı, ABŞ-ın benzin ehtiyatlarında kəskin artım müşahidə olunub. Analitiklər benzin ehtiyatlarının 2,3 mln. barel artacağını ehtimal etsələr də, ehtiyatlar 5,7 mln. barel və ya 2,58% artaraq 226,5 mln. barelə çatıb. Ötən həftə benzin ehtiyatları 6,8 mln. barel artıb.

ABŞ-da hesabat həftəsində neft hasilatı 73 min barel və ya 0,75% artaraq 9,782 mln. barel/gün təşkil edib və növbəti rekord səviyyə çatıb. Açıqlanan məlumatlardan sonra "Brent" markalı neftin qiyməti 62 dollar/barelə enib.

"Report"un analitik qrupu bildirir ki, ABŞ-da benzin ehtiyatlarının kəskin artması növbəti həftələrdə neft ehtiyatlarının artmasına gətirib çıxaracaq. Belə ki, neft emalı müəssisələri fəaliyyətini bir qədər yavaşladaraq benzin ehtiyatlarının azalmasını gözləyəcək.

Qeyd edək ki, Yeni İl bayramı ilə əlaqədar yanacağa tələbat mövsümi səbəblərdən azalır. Bu da öz növbəsində neft ehtiyatlarının artmasına və qiymətlərin böyük ehtimalla 55 dollar/barelə qədər azalmasına gətirib çıxaracaq.