Yasamal Yaşayış Kompleksinin ərazisində ticarət mərkəzini tikəcək investor müəyyənləşib


İqtisadiyyat 14 Dek 2017 12:07:56 263 0

Yasamal Yaşayış Kompleksinin ərazisində ticarət mərkəzini tikəcək investor müəyyənləşib

Ticarət mərkəzinin 2019-cu ilin IV rübündə istifadəyə verilməsi planlaşdırılır

Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC tərəfindən keçirilmiş investisiya müsabiqəsi nəticəsində Yasamal Yaşayış Kompleksi ərazisində ticarət mərkəzinin tikintisi üçün investisiya qoyuluşunu reallaşdıracaq investor müəyyən olunub. Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.

Müsabiqənin qalibi olan “PMD Group” MMC (www.pmdgroup.az) tərəfindən ticarət mərkəzinin layihələndirilməsi, tikintisi və idarə olunmasının təşkili üçün təqribən 7 mln. manat həcmində investisiya qoyuluşu həyata keçiriləcək.

İnvestor tərəfindən təqdim olunmuş ilkin konseptual təklifə əsasən, Yasamal Yaşayış Kompleksinin sakinlərinin rahatlığını və gündəlik alış-veriş tələblərini təmin etmək məqsədilə müasir standartlara uyğun inşa olunacaq ticarət mərkəzinin ümumi sahəsi təqribən 7 000 kv. metr təşkil edəcək. İnşa olunacaq ticarət mərkəzi ərazisində “Bravo” supermarketinin (www.bravosupermarket.az), avtodayanacaqların, müxtəlif gündəlik tələbat malları mağazalarının, həmçinin kafe və restoranların, uşaqlar üçün əyləncə zonalarının və digər ictimai iaşə obyektlərinin fəaliyyət göstərməsi nəzərdə tutulur.

Ticarət mərkəzinin 2019-cu ilin IV rübündə istifadəyə verilməsi planlaşdırılır.

“PMD Group” MMC Yasamal Yaşayış Kompleksi adlı ilk layihəsinə MİDA tərəfindən cəlb olunmuş artıq 3-cü özəl investordur. Xatırladaq ki, yaşayış kompleksinin ərazisində bina tikintisi və müvafiq telekommunikasiya infrastrukturunun yaradılması üçün daha öncə cəlb olunmuş ilk 2 investor tərəfindən ümumilikdə 11 mln. manat yatırım nəzərdə tutulur.