Vergilər Nazirliyi işçi axtarır


İqtisadiyyat 02 Dek 2017 14:34:49 259 0

Vergilər Nazirliyi işçi axtarır

Müsabiqənin test imtahanı mərhələsi yanvarın 28-də Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək

Vergilər Nazirliyi dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən Azərbaycan vətəndaşları üçün müsabiqə elan edib. 

Bu barədə “Report”a nazirliyin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Müsabiqəyə sənədlər elektron ərizə vasitəsilə dekabrın 5-dən 20-dək qəbul ediləcək. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar göstərilən müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar.

Ərizəyə sağlamlıq haqqında tibbi arayışın və ali təhsil haqqında diplomun, məhkumluğun olması (olmaması) barədə arayışın və narkoloji dispanserdə qeydiyyatda olması (olmaması) barədə arayışın surətləri mütləq qaydada elektron fayl şəklində əlavə olunmalıdır.

Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə ərizənin sistemə daxil olunduğu barədə elektron poçt ünvanına məlumat verilir. Sənədlər qəbul edildikdən sonrakı beş gün ərzində namizədin elektron poçt ünvanına ərizə qəbul edilərsə onun iş nömrəsi, sınaq imtahanının vaxtı və yeri barədə, ərizə qəbul edilmədiyi halda isə bunun səbəbi barədə məlumat verilir.

Sənədləri qəbul edilmiş namizədlər yanvarın 24-26-da saat 10.00-dan 18.00-dək imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16 ünvanında yerləşən inzibati binasından götürməlidirlər.

Müsabiqənin test imtahanı mərhələsi yanvarın 28-də Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək.