Vergilər naziri Ağdaşda vətəndaşları qəbul edib


İqtisadiyyat 24 Noy 2017 19:46:12 247 0

Vergilər naziri Ağdaşda vətəndaşları qəbul edib

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub

Noyabrın 24-də vergilər naziri Fazil Məmmədov tərəfindən Ağdaş rayonunda Ağdaş, Göyçay, Qəbələ, Oğuz və İsmayıllı rayonlarından olan vətəndaşlar üçün qəbul keçirilib.

Bu barədə “Report”a Nazirliyin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Qəbulda Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər, vergilərin hesablanması, ödənilməsi, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.