EBRD gələn il TAP layihəsinə sindikatlaşdırılmış kredit ayırmağı düşünür


İqtisadiyyat 24 Noy 2017 12:04:39 286 0

EBRD gələn il TAP layihəsinə sindikatlaşdırılmış kredit ayırmağı düşünür

Fransis Malijin sözlərinə görə, EBRD-nin maliyyələşdirdiyi qaz layihələri strateji əhəmiyyətə malikdir

Azərbaycanın iştirak etdiyi qaz layihələri Avropa üçün enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyası baxımından çox əhəmiyyətlidir. Bunu “Report”a açıqlamasında Avropa və Yenidənqurma Bankının (EBRD) Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Fransis Malij (Francis Malige) deyib.

F.Malijin sözlərinə görə, EBRD-nin maliyyələşdirdiyi qaz layihələri iki cəhətdən strateji əhəmiyyətə malikdir: “Öncə dediyim kimi, bu, Avropanın enerji mənbələrinin diversifikasiyası və enerji təhlükəsizliyi baxımdan əhəmiyyətlidir. Həmçinin, bu layihələr Azərbaycan iqtisadiyyatının diversifikasiyası, neft-qaz sektorundan asılılığını azaltmaq üçün də əhəmiyyət daşıyır”.

EBRD rəsmisi deyib ki, təmsil etdiyi Bank 2018-ci ildə Trans-Adriatik Boru Kəməri (TAP) layihəsini maliyyələşdirə bilər: “Gördüyüm qədər, Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi üçün əlavə vəsait ayırmağa ehtiyac yoxdur. Amma növbəti il TAP-ın maliyyələşməsinə vəsait ayıra bilərik. Maliyyələşmə ilə bağlı bu qərarın məhz gələn il veriləcəyini düşünürəm. TANAP-dan fərqli olaraq, bu maliyyələşmə digər tərəfdaşlarla birlikdə sindikatlaşdırılmış kreditləşmə şəklində baş tutacaq”.