Rusiyada dövlət istiqrazlarına maraq azalıb


İqtisadiyyat 16 Noy 2017 15:23:09 289 0

Rusiyada dövlət istiqrazlarına maraq azalıb

Dolların bir qədər də yüksəlməsi ehtimalı var

Rusiya Maliyyə Nazirliyinin dünənki hərraclarda yerləşdirməyə planlaşdırdığı 20 mlrd. rubl həcmində dövlət istiqrazlarına tələb zəif olub. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, investorlar 2021-ci ilin dekabr ayında tədavül müddəti bitən 10 mlrd. rubl həcmində istiqrazları tam aldığı halda, 16 noyabr 2022-ci ildə müddəti bitəcək digər 10 mlrd. rubl həcmində istiqrazların cəmi 4,137 mlrd. rublluq hissəsini və ya 41%-ni alıblar. Qeyd edək ki, ilk yerləşdirmədə orta çəkili gəlirlilik 7,6%, ikinci yerləşdirmədə isə 9,68% təşkil edib.

İstiqrazlara tələbatın az olmasına səbəb kimi xarici investorların gözləmə mövqeyi tutması amili göstərilir. Nəticədə Rusiyada dolların məzənnəsi 60,90 rubla, avronun məzənnəsi isə 72 rubla qədər yüksəlib.

Analitiklər Rusiyada özəl sektorun xarici borclar üzrə ödəmələrinin yüksəldiyi dövrün yaxınlaşdığını nəzərə alaraq dolların məzənnəsinin 62-63 rubl diapazonuna qədər artmasını, daha sonra, bu ilin sonuna doğru yenidən 60 rubla enəcəyini ehtimal edirlər.