Maliyyə Bazarlarına Nəzarət Palatasında “Visa” ilə görüş keçirilib


İqtisadiyyat 25 Okt 2017 16:32:40 278 0

Maliyyə Bazarlarına Nəzarət Palatasında “Visa” ilə görüş keçirilib

Palatanın baş icraçı direktoru İbrahim Alışov beynəlxalq ödəniş sisteminin nümayəndələri ilə görüşüb

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktoru İbrahim Alışov “Visa” beynəlxalq ödəniş sisteminin nümayəndələri ilə görüşüb.

“Report” Palataya istinadən xəbər verir ki, görüşdə “Visa”nı onun Azərbaycan, Moldova və Belarusiya üzrə regional meneceri İqor Kovalyov, MDB və Cənub-Şərqi Avropa regionu üzrə hökumət qurumları ilə əlaqələr sektorunun direktoru Yuliya Zavalişnaya və digərləri təmsil edib.

Görüşdə şirkətin müxtəlif şəhərlərdə, o cümlədən Bakıda nağdsız ödənişlərin inkişaf etdirilməsi üzrə apardığı araşdırmanın nəticələri açıqlanıb. Bu sahədə növbəti 15 il üçün müsbət trendlər, hökumətin, özəl sektorun və vətəndaşların əldə edəcəkləri nailiyyətlər qeyd edilib, eyni zamanda, “Visa” token xidmətinin təqdimatı keçirilib. Təqdimatda beynəlxalq təcrübədə son trendlər, habelə tətbiq ediləcək texnologiyanın rəqəmsal ödənişlərin daha təhlükəsiz formada həyata keçirilməsində rolu göstərilib.

İ.Alışov bank xidmətləri üzrə rəqəmsallaşmanın genişlənməsinin mühüm əhəmiyyət kəsb etdiyini və nağdsız ödənişlərdə innovativ texnologiyaların tətbiqinin genişlənməsinin zəruri olduğunu bildirib. O, eyni zamanda, “Visa”nın ölkənin ödəniş kartları bazarının iştirakçısı kimi əhəmiyyətini vurğulanaraq bir sıra iri layihələrin reallaşdırılmasında şirkətin mühüm rol oynaya biləcəyini qeyd edib.

Görüş zamanı ölkədə elektron ödənişlərin inkişafı üzrə prioritet hədəflər və birgə əməkdaşlıq istiqamətləri də müzakirə edilib.