Azərbaycanda neft sektoru üzrə büdcə gəliri gələn ilə 11 mlrd. manat proqnozlaşdırılır


İqtisadiyyat 23 Okt 2017 10:32:53 298 0

Azərbaycanda neft sektoru üzrə büdcə gəliri gələn ilə 11 mlrd. manat proqnozlaşdırılır

Bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,156 mlrd. manat və ya 39,7% çoxdur

Gələn il üçün Azərbaycanın neft sektoru üzrə büdcə gəlirlərinin məcmu büdcə mədaxilində xüsusi çəkisi 55,1% və ya 11,096 mlrd. manat səviyyəsində nəzərdə tutulur.

“Report” bu barədə “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə istinadən xəbər verir.

Bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,156 mlrd. manat və ya 39,7% çoxdur.

Neft sektoru üzrə büdcə gəlirlərinin 83,1%-ni və ya 9,216 mlrd. manatını Azərbaycan Dövlət Neft Fondundan transfert, 16,9%-ni və ya 1,880 mlrd. manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir.

Vergi orqanlarının xətti ilə neft sektoru üzrə daxilolmalarda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə büdcə ödənişləri 1,380 mlrd. manat və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) üzrə mənfəət vergisi 500 mln. manat nəzərdə tutulur. Bu da vergi orqanları tərəfindən neft sektoru üzrə daxilolmaların müvafiq olaraq 73,4% və 26,6%-ni təşkil etməklə cari ilin analoji proqnozu ilə müqayisədə SOCAR üzrə 15 mln. manat, ABƏŞ üzrə isə 25 mln. manat çoxdur.

Qeyd edək ki, 2018-ci il üçün dövlət büdcəsinin ümumi gəlirləri 20,127 mlrd. manat həcmində proqnozlaşdırılır.